"Bu, Alim Qasımova xələl gətirmək məqsədi daşıyır" - AÇIQLAMA

"Bu, Alim Qasımova xələl gətirmək məqsədi daşıyır" - AÇIQLAMA
MƏDƏNİYYƏT

17 sentyabr 2020, 17:58

Mətn ölçüsü

Bu gün sosial şəbəkələrdə xalq artisti, muğam ustası Alim Qasımov və Seyyid Talehin “Hədəfim Hüseyndir” klipi tənqid edilib. Klipin etirazla qarşılanmasına səbəb isə divarda asılan Azərbaycan Respublikasının xəritəsində cənub zonasının qeyd edilməməsidir. 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən xanəndənin meneceri Səadət Möhübbətova bildirib ki, Alim Qasımov “Azan” ifa etmək üçün studiyaya dəvət edilib və məsələdən xəbərsiz olub: “Alim müəllimi bir layihəyə dəvət etdilər və o da sözügedən layihədə azan səsləndirdi. Onu nə məqsədlə, nə üçün ediblər bilmirik. Alim müəllim xəritə tərtib edən deyil. Heç tarixçi də deyil. Alim Qasımov Azərbaycanın dəyərli sənətkarıdır. O, ölkəmizin adını dünyanın dörd bir yanında ucaldan adamdır. Həmin hərəkət Alim bəyin statusuna yaraşan hərəkət deyil axı. Günah həmin xəritəni ora qoyandadır. Klipin rejissorunu axtarmaq lazımdır. Məqsədyönlü edilmiş bir şeydir. Sənətkarın adına xələl gətirmək üçün görülən işdir”.

S.Möhübbətova qeyd edib ki, muğam ustadı Azərbaycanın adına xələl gətirəcək iş heç vaxt görməz və bunu ağlının ucundan da keçirməz: “Bu çox ucuz və mənasız məsələdir. Nəsə etmək istəyiblər, amma Alim müəllimin adına yaraşmaz. Bir daha qeyd edirəm ki, bu layihə Alim bəyə aid deyil. Sadəcə o, hər zaman gənclərə dəstək olub. Sənətkarı tanıyan hər kəs bilir ki, bu çox gülməli və absurd məsələdir”.

Tənqidlərə cavab verən Seyyid Taleh Boradigah News24.az-a açıqlamasında bildirib ki, studiya deyil: "İki il əvvəl Azərbaycanımızın görkəmli sənətkarı Alim Qasımovla bir layihə hazırlamışdıq. Çəkiliş musiqiçi Samir Şirinovun "Musson" studiyasında çəkilib. Mən orada olan atributa, xəritəyə cavabdeh deyiləm. Bəziləri məni separatçılıqda, pan-türkçülükdə günahlandırır. Mən Azərbaycan balasıyam. Allah Azərbaycanımızı qorusun".