"UNESCO-nun Azərbaycanla bağlı verdiyi əsassız açıqlamalar qurumun fəaliyyətini kölgə altına salır"

"UNESCO-nun Azərbaycanla bağlı verdiyi əsassız açıqlamalar qurumun fəaliyyətini kölgə altına salır"
MƏDƏNİYYƏT

08 yanvar 2021, 11:33

Mətn ölçüsü

Mədəniyyət naziri Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai arasında sonuncunun xahişi ilə onlayn formatda görüş keçirilib.

Mədəniyyət Nazirliyindən News24.az-a bildirilib ki, görüşdə nazirlik ilə BMT və BMT-nin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Q.İsakzai Azərbaycan ilə BMT arasında uzun müddətdir ki, sıx əməkdaşlığın mövcud olduğunu, ölkəmizin BMT-nin müxtəlif fəaliyyətlərinə dəstək verdiyini vurğulayıv, gələcəkdə bu əməkdaşlığın eyni ruhda davam edəcəyinə inamını ifadə edib.

A.Kərimov Azərbaycan ilə BMT arasında Mədəniyyət Nazirliyinin fəaliyyət sahələrində sıx əməkdaşlıq münasibətlərinin mövcudluğunu diqqətə çatdırıb. BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO ilə münasibətlərin inkişafı üçün dövlət başçısı İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu, ölkəmizin təşkilatın prinsip və dəyərlərinə daim sadiq olduğunu bildirərək, bu məsələdə Təşkilatdan da adekvat yanaşmanın, ədalətli mövqenin gözlənildiyini ifadə edib. 

Nazir son dövrlərdə UNESCO-nun erməni işğalından azad edilmiş ərazilərə missiya göndərilməsi ilə bağlı təşkilatın anlaşılmaz açıqlamalarının Azərbaycan tərəfində məyusluq yaratdığını bildirib: “Halbuki, bizim tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilən ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı diqqətə çatdırılıb”.

Q.İsakzai UNESCO tərəfindən onunla da müəyyən təmasların olduğunu bildirərək missiya ilə bağlı Azərbaycan tərəfinin mövqeyinə aydınlıq gətirilməsini xahiş edib.

A.Kərimov bildirib ki, son 30 ildə işğal altında qalan ərazilərdəki mədəni irsin monitorinqi üçün missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan UNESCO-ya dəfələrlə müraciət ünvanlayıb: “Lakin təəssüf ki, bu müraciətlər cavabsız qalıb. Bu missiyaya imkan verilməməsinə görə UNESCO tərəfindən Ermənistana bir çağırış və ya bu haqda bir bəyanat verilməyib. Təəssüflə qeyd edilməlidir ki, hazırkı müzakirələr fonunda UNESCO tərəfindən Azərbaycanı əsassız olaraq günahlandıran açıqlamaların verilməsi təşkilatın qərəzsizliyini və öz nizamnaməsinə uyğun tərəfsiz yanaşmasını kölgə altına salır”.

A.Kərimov Azərbaycan tərəfinin həmin ərazilərə monitorinq missiyasının göndərilməsində hamıdan daha çox maraqlı olduğunu, lakin həmin missiyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazlığına, eləcə də beynəlxalq hüququn digər prinsiplərinə hörmət çərçivəsində, mənşəyinə və dini xarakterinə heç bir ayrı-seçkilik qoyulmadan bütün abidələrin və mədəniyyət obyektləri üzərində təşkilini dəstəkləyir: “UNESCO tərəfindən bu kimi açıqlamalarının verilməsi bizim cəmiyyətimizdə ciddi narazılıq yaradır ki, bu da təəssüflər olsun, təşkilatın imicini zədələyir. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini hazırlayıb və bu sənəd çox yaxın zamanda UNESCO Katibliyinə təqdim ediləcək”.

A.Kərimov Q.İsaqzayin BMT-nin rezident əlaqələndiricisi qismində fəaliyyətinin Azərbaycan-BMT münasibətləri kontekstində önəmli olduğunu qeyd edib və onun tərəfindən azad edilmiş ərazilərdə vəziyyəti qiymətləndirib, bu məlumatın BMT qurumlarına olduğu kimi çatdırılmasında böyük rol oynadığını diqqətinə çatdırıb.    

Q.İsaqzai ölkəmizin mövqeyini anlayışla qarşıladığını və 44 günlük müharibə ərzində baş verən hadisələr və azad edilmiş ərazilərdə real vəziyyət haqqında BMT qurumlarına obyektiv məlumatlar çatdıracağına davam edəcəyini bildirib.