Ermənilərin talan etdiyi Şuşadakı Bülbülün Ev-muzeyiylə bağlı QƏRAR - AÇIQLAMA - FOTOLAR

Ermənilərin talan etdiyi Şuşadakı Bülbülün Ev-muzeyiylə bağlı QƏRAR - AÇIQLAMA - FOTOLAR
MƏDƏNİYYƏT / Foto

11 yanvar 2021, 12:25

Mətn ölçüsü

"Şuşa şəhərindəki Bülbülün Ev-muzeyi restavrasiya olunacaq". 

Bu sözləri News24.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin muzey şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib.

Nazirlik rəsmisi bildirib ki, Bülbülün Ev-muzeyinin əvvəlki görkəmi qaytarılacaq: "Əfsuslar olsun ki, erməni barbarlığı və vandallığından "əsirlikdə" olmuş tarixi abidələrimiz, o cümlədən muzeylərimiz də əziyyət çəkib. Şuşa şəhərindəki Bülbülün ev-muzeyindən lentə alınan görüntülərdən məlum olur ki, muzey xarabalığa çevrilmiş, hətta Bülbülün büstü belə ermənilər tərəfindən tanınmaz hala salınıb. Əlbəttə ki, Şuşa şəhərinin restavrasiyası istiqamətində görüləcək işlər çərçivəsində burada yerləşən Bülbülün ev-muzeyi də bərpa edilərək əvvəlki görkəminə qaytarılacaq. Qeyd edim ki, Bülbülün anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə fəaliyyət göstərmiş bu muzey dahi sənətkarın Bakı şəhərindəki memorial muzeyinin filialı olub. Bülbülün memorial muzeyinin foto materialları əsasında da Şuşadakı ev-muzeyinin ilkin siması qorunaraq bərpa prosesi həyata keçiriləcək. İnanırıq ki, yaxın gələcəkdə mədəniyyət paytaxtımız Şuşada Bülbülün ev-muzeyi, həmçinin də Üzeyir Hacıbəyovun ev-muzeyi əvvəllər olduğu kimi xarici qonaqların, turistlərin üz tutduğu əsas məkanlardan olacaq".

Qeyd edək ki, dünyaca tanınmış fotoqraf Rza Diqqətinin Şuşada çəkdiyi fotolarda ermənilər tərəfindən dağılmış Bülbülün ev-muzeyinin görüntüləri də var. Şəkillərdən də bəlli olduğu kimi düşmən muzeyi talan edərək, çox bərbad vəziyyətə salıb.

Sözügedən görüntüləri təqdim edirik:

Sevda Bayramova