"Dövlətin işinə qarışmıram, amma onun dəfn olunduğu yerə status verilməlidir"- ELXAN QASIMOV

"Dövlətin işinə qarışmıram, amma onun dəfn olunduğu yerə status verilməlidir"- ELXAN QASIMOV
MƏDƏNİYYƏT

10 iyun 2021, 12:54

Mətn ölçüsü

"Biz bu gün onu son mənzilə yola salacağıq. Amma Ramiz Əzizbəylinin adı səslənəndə hamı gülümsəyəcək, çünki onun komik obrazları yada düşəcək. Sonra düşünəcəklər ki, o, "Yalan" kimi, "Bağ qonşuları" kimi düşündürücü filmlər çəkib. "Bəxt üzüyü" xatırlanacaq.  Bu filmlər ölkənin ən baxımlı ekran əsərləridir".

Bu sözləri News24.az-a Əməkdar artist Elxan Qasımov Ramiz Əzizbəyli ilə vida mərasimində bildirib.

O qeyd edib ki, Ramiz Əzizbəylinin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir: “Deyirlər ki, gedənin ardınca yaxşı danışarlar. Amma mən burda ənənə xatirinə yox, ürəkdən danışıram. Çünki Ramiz mənim 57 illik dostumdur. Hələ ayları saymıram. O təkcə mənim yox,  Azərbaycan kinosunun, Azərbaycan xalqının dostuydu.  Bütün gedənlər, belə böyük insanların hamısı bizim üçün əzizidir. Şəhidlərimiz də, sənətkarlarımız da”.

E.Qasımov Ramiz Əzizbəyliyə hər zaman dövlətimizin qayğı göstərdiyini də vurğulayıb: "Dövlətimizin ona həmişə qayğı göstərib. Ramiz Xalq artistiydi, Prezident təqaüdçüsüydü, professor idi. Mən dövlətimizin işinə qarışmaq istəmirəm, amma məncə, onun dəfn olunduğu yerə də status verilməlidir. Çünki orada Amaliya Pənahova, Arif Quliyev, Rəmiş, Fuad Poladov kimi sənətkarlar dəfn olunub".

Sevda Bayramova