Aydın Kazımzadə Elmira Şabanova haqqında: "Ailəsini sənətdən üstün tutdu"
Mədəniyyət
"Bu gün danışmaq çox çətindir. Çünki kinoda işlədiyim illər ərzində bir çox insanı tanımışam. Amma Elmira xanımla münasibətim tamam başqa olub. Mən bu ailənin ən yaxın adamlarından biri olmuşam, ailənin içində olmuşam".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Xalq artisti Elmira Şabanovanın vida mərasimində jurnalistlərə açıqlamasında deyib.
"Onun həyat yoldaşı Rüfət bəy rejissor idi və ailədə onun sözü qanun sayılırdı. Elmira xanım isə çox gözəl insan idi. Xalq artisti olmasına baxmayaraq, həyat yoldaşının dediklərinə hörmətlə yanaşır, onun sözündən çıxmırdı. Çox gözəl ailə idi. Mən də həmin ailənin içində olduğum üçün bu gün danışmaq mənə çox ağır gəlir.
Elmira xanımla həmyaşıd idik, ikimiz də 1940-cı il təvəllüdlüyük. Mən ona həmişə deyirdim ki, evdə oturma, hərəkətdə ol, çıx, insanlarla ünsiyyət qur. Amma bunu etmədi. Nəticədə, demək olar ki, gözdən uzaq düşdü, hər şeydən təcrid olundu. Məncə, onun həyatdan tez köçməsinin səbəblərindən biri də bu idi. Böyük sənətkar idi. Təkcə səsini qeyd etmək kifayətdir. Hələ aktyorluq məharətini demirəm. Danışanda insan ona heyranlıqla qulaq asırdı. Ekranda yaratdığı obrazlar da yaddaşlarda qalıb. Xüsusilə ana obrazlarının mahir ifaçısı kimi tanınıb.
Çox təəssüf edirəm ki, gənclik illərində Rüfət müəllim ona işləməyə icazə verməyib. Onun haqqında kitab yazmışam. Həmin kitabın adını böyük məmnuniyyətlə "Faciəvi komediya" qoya bilərdim. Niyə? Çünki söhbət bir aktrisanın sənətdən uzaqlaşdırılaraq ömrünün böyük hissəsini evdə keçirməsindən gedir. Qarşısında seçim qoyulmuşdu: ya ailə, ya da sənət. O isə ailəsini seçdi. Hər aktrisa belə qərar verməzdi. Amma Elmira xanım övladlarının və ailəsinin xatirinə sənətdən uzaqlaşdı.
Elə buna görə də onun gənclik dövrünə aid kadrlar, filmlər çox azdır. Sonradan yaradıcılığında ikinci mərhələ başladı. "Səhər" filmində "Mənim adım Aslandır" mahnısının yer aldığı səhnədə də çəkilib, bir-iki rol ifa edib. Daha sonra, yaşlı vaxtlarında həyat yoldaşı ona yenidən filmə çəkilməyə icazə verdi. Elmira xanım da kinoya qayıtdı və bir-birindən gözəl rollar yaratdı".