"Bu, rəsmi və legitim qurultay deyil" - Şeyx Əbdül
Mədəniyyət
“Hesabat dinlənilmir, təşkilatın daxilində ciddi çaxnaşma yaşanır, birinci katib isə ümumiyyətlə, iclasda iştirak etmir. Hazırda içəridə Hesablama Palatasının yoxlaması gedir. Belə bir vəziyyətdə seçki keçirmək cəhdi tamamilə anlaşılmaz və qəbuledilməzdir".
Bu sözləri News24.az-a Xalq artisti Şeyx Əbdül Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi ilə bağlı keçirilən qurultay haqda danışarkən bildirib. O, qeyd edib ki, indiyə qədər belə bir halla rastlaşmayıb:
"Burada çox ciddi qanunsuzluqlardan söhbət gedir. Hesab edirəm ki, bütün məsul şəxslər qanun qarşısında cavab verməlidir. Bu, artıq biabırçılıq həddinə çatıb. Yoxlamaların aparıldığı, maliyyə və təşkilati məsələlərin araşdırıldığı bir vaxtda necə seçki keçirmək olar? Bu, tam özbaşınalıqdır. Biz əvvəlcədən də xəbərdarlıq etmişdik ki, qurumda yoxlamalar gedir və bu proses başa çatmadan hər hansı rəsmi qərarın qəbul olunması doğru deyil.
Hesab edirəm ki, yoxlamalar yekunlaşdıqdan sonra rəsmi və legitim qurultay keçirilməlidir. Həmin qurultayın da Şəfiqə Məmmədovanın sədrliyi ilə baş tutacağı gözlənilir. Hazırda baş verənlər isə ciddi narahatlıq doğuran bir vəziyyətdir”.