"Bunu öz canımın ağrısı kimi hiss edirəm" - Sabir Rüstəmxanlı

"Bunu öz canımın ağrısı kimi hiss edirəm" - Sabir Rüstəmxanlı Mədəniyyət

Xalq şairi Sabir Rüstəmxanlı 1 iyul - Ana dili günü münasibəti ilə Azərbaycan türkcəsində danışan, düşünən, oxuyan, bu dili sevən insanlara təbrik ünvanlayıb.

News24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün Ana dili günüdür. Ana dilimizin bayramıdır. Bu münasibətlə Azərbaycan türkcəsində danışan, düşünən, oxuyan, bu dili sevən bütün insanları ürəkdən təbrik edirəm. Dilmizin tarixi insanlığın tarixi qədər qədimdir. O da uyğarlıqların, dinlərin və inancların əvəzlənmələrindən, dövlətlərarası savaşlardan, işğallardan və qadağalardan keçib, xalqımızla bərabər adının və varlığının inkar edildiyi dönəmləri görüb, amma məhv olmayıb, yaşayıb! Yaşayacaq! Mən Dərbənddə, İranda, İraqda, Suriyada, Bakı reklamlarında dilimizin ağrısını öz canımın ağrısı kimi hiss edirəm. Lakin onun Azərbaycan Respublikasının uluslararası genişliyə qanad açan dövlət dili statusu və sağlamlığı, yaşamaq gücü bütün ağrıları unutdurur!

Üstünə yüyürdü Qanun dilləri,

Peyğəmbər dilləri, Quran dilləri,

Qapılar dalında qoydular səni,

Haqq dedin, dabandan soydular səni,

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,

Səninlə həmişə mən üzüağam.

Bədənim torpağa tapşırılsa da,

Ruhumu mən sənə tapşıracağam!",-o, paylaşımda bildirib.