Şeyx Əbdül: "Düşmən düşməni belə təhqir etməz"
Mədəniyyət
Jurnalist Orxan Saffarinin Xalq artisti Oqtay Mirqasımov haqqında qələmə aldığı tənqidi məqalə geniş müzakirə doğurub.
Məsələ ilə bağlı News24.az -a danışan Xalq artisti, konorejissor Şeyx Əbdül Mahmudbəyov Saffarinin belə yazı yazmağa haqqı olmadığını deyib.
O, məqalənin müəyyən dairələrin, xüsusilə Kinematoqrafçılar İttifaqının sifarişi əsasında hazırlandığını iddia edib. Xalq artisti bununla bağlı hüquqi addımların atılacağını bildirib: "Böyük ustadımız, ağsaqqalımız, Azərbaycan kinosunun görkəmli nümayəndəsi Oqtay Mirqasımov haqqında təhqiramiz ifadələr işlədilir, yazılar dərc olunur. Söhbət 83 yaşlı sənətkardan gedir. Biz bu məsələyə görə ciddi şəkildə narahatıq və hətta məhkəməyə müraciət etməyi düşünürük. Tənqidçi belə yazı yazmaz. Tənqidçi analitik məqalə yazar, təhlil aparar. Şəxsi təhqir etmək və ya kiminsə şəxsiyyətini hədəfə almaq tənqid deyil. Oqtay Mirqasımov Azərbaycan kinosunun ən tanınmış simalarından biridir. O, 60 ilə yaxındır kino sahəsində fəaliyyət göstərir və Azərbaycan kinematoqrafiyasının inkişafında böyük xidmətləri olub. Uzun illərdir İncəsənət Universitetində rejissorluq sənətini tədris edir.
Oqtay Mirqasımov kimi bir sənətkarın peşəkarlığını və kino sahəsindəki xidmətlərini şübhə altına almaq yolverilməzdir. Əgər Oqtay Mirqasımov kino bilmirsə, bəs onda kim bilir?”
Xalq artisti bildirib ki, tanınmış sənət adamları da bu mövzuda onunla həmfikirdir: “Bu məsələ məni çox əsəbiləşdirib. Dünəndən etibarən həm Şəfiqə xanımla, həm də digər sənət adamları ilə əlaqə saxlamışam. Hesab edirəm ki, bu məsələ diqqətdən kənarda qalmamalıdır. Heç Oqtay müəllimi qoymayacıq, biz məhkəməyə müraciət edəcik. Bütün baş verənlərin arxasında Kinematoqrafçılar İttifaqında olan müəyyən qruplar dayanır. Həmin çirkin qruplar ittifaqı bazar ediblər, oranı oyunxanaya döndəriblər".
Mahnudbəyovun ittihamları ilə bağlı yazı müəllifi Orxan Saffari də fikirlərini bildirib. Qeyd edib ki, sözügedən material sifarişlə deyil, onun şəxsi fikirləri əsasında yazılıb: "Bu, onların konstitusion hüququdur. Əgər doğrudan da məni məhkəməyə vermək istəyirlərsə, buyursunlar. Bir gənc yazarın yazdığı tənqidi məqaləyə görə məni məhkəməyə vermək niyyətindədirlərsə, buna heç bir etirazım yoxdur. Mən isə onlar haqqında məhkəməyə alternativ müraciət etmək niyyətində deyiləm.
Ümumiyyətlə, hesab edirəm ki, məhkəməyə müraciət etmək üçün heç bir əsas yoxdur. Çünki mən həm həmin şəxslər, həm də haqqında yazdığım məsələlərlə bağlı məqalələrimdə heç bir təhqirə yol verməmişəm.
Təəssüf ki, yazılarımdakı ironiyanı, sarkazmı və tənqidi yanaşmanı bəzi insanlar təhqir kimi qəbul edirlər. Əgər belə düşünürlərsə, məhkəməyə müraciət etsinlər və bunu orda sübut etsinlər.
Digər tərəfdən, mənim yazılarımı sifarişli adlandırmaları artıq mənə qarşı şər və böhtan xarakteri daşıyır. Əgər kimsə mənim hansısa ittifaqın, qurumun və ya şəxsin sifarişi ilə yazdığımı iddia edirsə, bunu sübut etməlidir.
Əks halda, bu, mənim şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələməyə cəhd kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, onların yaşını və statusunu nəzərə alaraq məsələyə fərdi müstəvidə yanaşmaq niyyətində deyiləm".
Məsələnin hüquqi müstəvidə davam edib-etməyəcəyi isə yaxın günlərdə bəlli olacaq.
Ətraflı videoda: