Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirildi
Mədəniyyət
Gənc rəssam Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi baş tutub.
News24.az xəbər verir ki, sərgidə nümayiş olunan əsərlər yaş, zaman və yaddaş haqqında formalaşmış təsəvvürlərə fərqli yanaşma ortaya qoyur.
Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov nəvəsi, rəssam Kəmalə Cəfərovanın sərgisi ilə bağlı təəssüratlarını bölüşüb.
Gənc rəssam yaradıcılığı və təşkil etdiyi sərgi ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, sərgidə yer alan əsərlərdən biri onun nəvəsi İsgəndərlə Bodrumda dəniz kənarında keçirdiyi vaxtı əks etdirir. Rəhimovun sözlərinə görə, onlar demək olar ki, hər səhər birlikdə sahilboyu gəzintiyə çıxırlar.
“Biz səhərlər Bodrumda dəniz kənarında gəzirik. Bu zaman İsgəndərlə tarix, hüquq və müxtəlif mövzular barədə söhbət edirəm. O da məni dinləyir. Sərgidəki əsərlər arasında mənə ən doğma gələn məhz bu rəsmdir”, - deyə o qeyd edib.
Sərginin ideyasından danışan Kəmalə Cəfərova isə qeyd edib ki, onun əsas məqsədi yaşlanma prosesinə fərqli və pozitiv prizmadan yanaşmaqdır.
Rəssamın sözlərinə görə, yaşı artan hər bir insanın özünəməxsus həyat hekayəsi var və o, əsərlərində həmin hekayələri müsbət tərəfdən göstərməyə çalışır. Cəfərova vurğulayıb ki, yaşlanmaq insan həyatının sonu kimi qəbul edilməməlidir.
O bildirib ki, əsərlərinin böyük hissəsində orta yaşdan yuxarı insanlar əsas obraz kimi seçilib və onların həyata münasibəti nikbin şəkildə təqdim olunur.
Kəmalə Cəfərova sərginin hazırlanmasında ailəsinin dəstəyinin xüsusi rol oynadığını qeyd edib. O, yaxınlarının ona ilham verdiyini və yaradıcılığını sərbəst şəkildə ifadə etməsinə şərait yaratdığını bildirib.
Rəssam əsərlərində italyan üslubuna üstünlük verməsinin səbəbini isə bu istiqamətdə həyata sevginin, pozitivliyin və həyat eşqinin daha aydın ifadə olunması ilə izah edib. Onun sözlərinə görə, həmin duyğuları öz əsərlərində də tamaşaçıya çatdırmağa çalışır.
İlham Rəhimov nəvəsinin uşaqlıqdan rəsmə maraq göstərdiyini, lakin onun peşəkar səviyyədə sərgi təşkil edəcəyini əvvəlcədən təsəvvür etmədiyini deyib. Onun sözlərinə görə, əvvəllər Kəmalənin çəkdiyi rəsmləri uşaqların adi yaradıcılığı kimi qəbul edib.
Əməkdar hüquqşünas diqqət çəkən məqamlardan biri kimi rəssamın əsərlərində əsasən yaşlı insanların təsvir olunmasını göstərib. O hesab edir ki, bu yanaşma insanlara həyatın müxtəlif mərhələləri barədə mesaj verir.
“Onun özünəməxsus üslubu var. Əsərlərində daha çox yaşlı nəslin nümayəndələrini görürük. Mən bunu belə anlayıram ki, rəssam insanlara xatırlatmaq istəyir: hər birimiz həyatın bu mərhələsinə çatacağıq”, - deyə Rəhimov bildirib.
O, nəvəsinə gələcək işlərində gənclərə də daha çox yer ayırmağı tövsiyə edib. Rəhimov gənc qız və oğlanların hiss və duyğularının da rəsm əsərlərində əks olunmasını arzuladığını söyləyib.