"Kinoittifaq"ın hesabı dondurulub - Şəfiqə Məmmədovanın sədrliyindən sonra nə baş verir? - AÇIQLAMA

"Kinoittifaq"ın hesabı dondurulub - Şəfiqə Məmmədovanın sədrliyindən sonra nə baş verir? - AÇIQLAMA Mədəniyyət

Son zamanlarda daxildəki narazılıqlar, gərginliklərlə diqqət çəkən Kinematoqrafçılar İttifaqına yeni sədrin seçilməsindən bir aya yaxın vaxt keçir.

Ötən ayın əvvəlindən quruma rəhbərlik Xalq artisti Şəfiqə Məmmədovaya və 27 nəfərdən ibarət İdarə Heyətinə həvalə edildi.

Maraqlıdır, indi qurumda vəziyyət necədir? Kinoittifaq hazırda hansı işlərlə məşğuldur, irəlidə hansı yeniliklər və dəyişikliklər olacaq?

Məsələ ilə bağlı News24.az-ın sualına qurumun İdarə Heyətinin üzvü - Əməkdar incəsənət xadimi Baba Vəziroğlu cavab verib. O bildirib ki, sədr seçkisindən sonra qurum köhnə və yarımçıq işlərimi tamamlamağa çalışır: “Şəfiqə xanım sədr seçiləndən sonra bütün işlərin protokolları, idarə heyətinin tərkibi, plan, kvorum və digər sənədlər Ədliyyə Nazirliyinin təsdiqi üçün göndərilib. Əsas fəaliyyət həmin sənədlər təsdiq olunduqdan sonra başlayacaq.

Çünki hazırda bizim hesablarımız dondurulub. Bankdan pul götürmək, müəyyən ödənişlər etmək və digər işləri həyata keçirmək üçün sədrin imzası olmalıdır. Ona görə də hazırda müəyyən işlərimiz donmuş vəziyyətdədir.

Amma gündəlik çağırışlar davam edir, sədr yerindədir, aparat da fəaliyyət göstərir. Ümid edirik ki, bu gün-sabah Ədliyyə Nazirliyindən təsdiq aldıqdan sonra əsas fəaliyyətimizə başlayacağıq”.

İttifaqın irəlidə görəcəyi işlərə gəlincə, Baba Vəziroğlu ilk olaraq İdarə Heyətinin iclas keçirəcəyini bildirib: “İclasda yaxın planlarımız və görüləcək işlər müəyyənləşdiriləcək. Həmişə olduğu kimi, müxtəlif tədbirlərin keçirilməsi, maddi imkanı olmayan kinematoqrafçılara yardımların göstərilməsi, festivalların təşkili və “Oskar” Mükafatı Komitəsinin fəaliyyəti əsas istiqamətlərdən olacaq.

Bundan başqa, aparatda olan yeniliklər, təşkilati məsələlər və digər cari işlər də müzakirə olunacaq”.

Söhbət əsnasında Baba Vəziroğlu AKİ-nin icraçı katibi Əli İsa Cabbarovun sədrliyə namizədlikdən imtina etməsindən də danışıb: “Bunun səbəbini, o, özü bilər. Amma Əli İsa sədr seçilməmişdi. Sadəcə, namizəd kimi özünü göstərib seçkiyə getmişdi. Bir qrup kinomatoqraf da onun çağırışı ilə toplaşıb konfrans keçirmək istədi. Lakin orda yetərsay olmadı. Ona görə də orada hətta taleyüklü məsələ də qoyulsaydı, müzakirəyə çıxarıla bilməzdi. Çünki kvorum yox idi. Buna baxmayaraq, onlar sənədləri Ədliyyə Nazirliyinə göndərdilər. Nazirlik də yetərsay olmadığı üçün bunu qəbul etmədi. Bundan sonra biz - İdarə Heyəti toplaşdıq və növbəti konfransa qədər sədr səlahiyyətlərini Şəfiqə xanıma verdik. Elə həmin iclasda gördük ki, Əli İsa bəy həm İdarə Heyətindən, həm də ittifaqa üzvlükdən istefa ərizəsi təqdim edib. Məsələ gündəliyə çıxarıldı və İdarə Heyəti tərəfindən təsdiqləndi. Amma onun bu istefanı hansı səbəbdən verdiyini, hansı qənaətə gəldiyini bilmirəm. Bunu yalnız özü bilir. Çünki iclasda o özü iştirak etmirdi. Sadəcə, ərizəsini İdarə Heyətinə təqdim etmişdi”.