Şəlalə Göytürk professor İlham Rəhimov haqqında yeni kitab yazdı
Mədəniyyət
Azərbaycanlı yazar, publisist və tənqidçi Şəlalə Göytürkün Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun 75 illik yubileyinə həsr etdiyi “İlham Rəhimovun hüquq fəlsəfəsi” adlı yeni kitabı işıq üzü görüb.
News24.az xəbər verir ki, nəşrdə professor İlham Rəhimovun hüquq fəlsəfəsinə dair elmi baxışları, xüsusilə cinayət və cəza problemlərinə münasibəti sistemli və konseptual şəkildə təhlil olunur. Tədqiqatın əsas məqsədi alimin hüquq düşüncəsini dünya hüquq elmi kontekstində təqdim etmək, onun nəzəri irsinin müasir hüquq fəlsəfəsində tutduğu yeri müəyyənləşdirməkdir.
Müəllifin yanaşmasına görə, professor İlham Rəhimov hüququ yalnız normativ çərçivədə deyil, həm də insan varlığının etik, ontoloji və sosial təzahürü kimi araşdırıb. O, hüquq, ədalət, cinayət və cəza anlayışlarına yeni fəlsəfi baxış gətirərək bu kateqoriyalara daha dərin mənəvi və ictimai məzmun qazandırıb.
Elmi ictimaiyyətlə yanaşı geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitab hüquqşünaslar, tədqiqatçılar, tələbələr və hüquq fəlsəfəsinə maraq göstərən hər kəs üçün dəyərli mənbədir.
Kitabı L.Tolstoy küçəsi, 191 ünvanında yerləşən “Hüquq Ədəbiyyatı” ixtisaslaşmış kitab mağazasından əldə etmək mümkündür.