“Məhsəti” filmində qeyri-etik səhnə qalmaqalı – ARKA nümayişi dayandırdı

“Məhsəti” filmində qeyri-etik səhnə qalmaqalı – ARKA nümayişi dayandırdı  Mədəniyyət

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib.

News24.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

"Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Filmdə obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqların olduğu vurğulanıb. "Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir. Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir. Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməmişdir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, ekran əsərinin rejissoru Suada Qarayeva “Məhsəti” filminin Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalından çıxarıldığını bildirib. O, həm öz, həm də layihənin prodüserləri Mariya İbrahimova (Azərbaycan) və Ada Solomonun (Rumıniya) adından bəyənat yayıb.