Nazir deputatın qızını direktor təyin etdi
Mədəniyyət
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub.
News24.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bəstəkar, Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, A.Səmədzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra bu təhsil ocağının Musiqi tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib.
2003-cü ildə görkəmli Türkiyə bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.
Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. O, həmçinin Elçinin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "İblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" tamaşalarına, eləcə də "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" kimi filmlərə musiqi yazıb.
Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilən bəstəkar 2011-ci ildə “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Xatırladaq ki, Aygün Səmədzadə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadənin qızıdır./teleqraf