Orxan Fikrətoğlu: "Nəriman Həsənzadə bir epoxa idi"
Mədəniyyət
"Nəriman Həsənzadə bir epoxa idi"
News24.az xəbər verir ki, Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı onun Azərbaycan ədəbiyyatında və ictimai həyatında əvəzsiz xidmətlərindən bəhs edib.
Müşavir bildirib ki, Nəriman Həsənzadənin müəllifi olduğu "Bu dünya nərdivandır: qalxanda mehribandır, enəndə nə yamandır" misraları bu gün də insanlara dərin mənalar aşılayır.
Onun sözlərinə görə, mərhum şair dünyaya hər zaman mehriban nəzərlərlə baxırdı və həyatını ləyaqətlə yaşayan şəxsiyyətlərdən biri idi.
Orxan Fikrətoğlu qeyd edib ki, Nəriman Həsənzadə təkcə zəngin ədəbi irsi ilə deyil, həm də ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan tarixində özünəməxsus yer tutub. O vurğulayıb ki, "Ədəbiyyat və İncəsənət" qəzeti uzun illər milli ədəbiyyatın və azad düşüncənin əsas tribunalarından biri olub. Şairin informasiya nazirinin müavini, daha sonra isə bir müddət nazir səlahiyyətlərini icra etməsi də ölkənin ictimai həyatında mühüm mərhələ kimi yadda qalıb.
Müşavir bildirib ki, Nəriman Həsənzadənin fəaliyyətinin əsas prinsipi dövlətə və xalqa sədaqətlə xidmət etmək olub. O əlavə edib ki, Azərbaycan dövləti də şairin xidmətlərini hər zaman yüksək qiymətləndirib.
Orxan Fikrətoğlunun sözlərinə görə, Nəriman Həsənzadə həyatı ilə yaradıcılığı vəhdət təşkil edən nadir sənətkarlardan idi. Onun nəzakəti, həyatsevərliyi və romantik ruhu poeziyasında da öz əksini tapırdı.
Çıxışında o, Xalq şairini 1950-ci illər ədəbi nəslinin günümüzə qədər gəlib çatan son böyük nümayəndələrindən biri kimi dəyərləndirib. Bildirib ki, Xəlil Rza və Bəxtiyar Vahabzadə kimi korifeylərdən sonra Nəriman Həsənzadə həmin nəslin son böyük siması idi.
Sonda Orxan Fikrətoğlu vurğulayıb ki, Nəriman Həsənzadə öz yüksək mənəvi keyfiyyətləri, mədəniyyəti və zəngin yaradıcılığı ilə daim xatırlanacaq. Onun sözlərinə görə, şairin irsi və poeziyası gələcək nəsillər üçün də yaşayacaq.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.