Qobustan Qoruğu qapılarını AÇDI

Qobustan Qoruğu qapılarını AÇDI Mədəniyyət
Qobustan Milli Tarix-Bədii Qoruğu 31 avqust 2020-ci il tarixindən fəaliyyətini bərpa edib. 

News24.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarında edilən dəyişikliklərə uyğun olaraq 31 avqust 2020-ci il tarixindən Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətini bərpa edib.

Qoruğun fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydaları və metodiki göstərişlərinə, sanitariya normalarına uyğun təşkil olunub. Bu məqsədlə  muzeyin girişində və  zallarında COVİD – 19 infeksiyasından qorunmaq üçün məlumatlandırıcı löhvələr asılıb, sosial məsafənin qorunması məqsədi ilə nişanlanma aparılıb. Bundan başqa, qoruq əməkdaşları tərəfindən muzeyə daxil olan hər bir ziyarətçinin  hərarəti ölçülür, əllərinin dezinfeksiyası üçün  vasitələr təqdim olunur. Qoruq ərazisinə daxil olarkən tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.

Qeyd edək ki, Koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə Qobustan Milli Tarix-Bədii Qoruğu  fəaliyyətini onlayn surətdə  davam etdirərək izləyicilərə virtual xidmətlər göstərib. Hazırda Qobustan Milli Tarix-Bədii Qoruğu  öz normal iş rejimini bərpa etməklə yanaşı, onlayn fəaliyyətini  daha da genişləndirməyi və  bu istiqamətdə izləyicilərə yeni layihələr  təqdim etməyi planlaşdırır.

Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək, bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq istəyirsinizsə Qobustan Milli Tarix-Bədii Qoruğu qədim tarixi, ecazkar qayaüstü təsvirləri və füsunkar təbiəti ilə yolunuzu gözləyir.