Rasim Balayevə həsr olunmuş yeni mahnı - "AY ADAM" - VİDEO
Mədəniyyət
Bu günlərdə qarşıma çox gözəl bir yaradıcı iş çıxdı. Azərbaycan kinosunun əfsanəvi simalarından biri, görkəmli sənətkar Rasim Balayevə həsr olunmuş yeni mahnı və həmin mahnı əsasında hazırlanmış klip-rolik diqqətimi çəkdi və bu barədə fikirlərimi bölüşmək istədim.
Dəyərli dostumuz, tanınmış rejissor və bəstəkar Rövşən Nicat bu dəfə Rasim Balayev haqqında Ramiz Rövşənin sözlərinə mahnı bəstələyib. Mənim fikrimcə, mahnı çox uğurlu alınıb. Musiqi son dərəcə duyğusal təsir bağışlayır, insanı uzaq xatirələrə aparır, Rasim Balayevin sənət dünyasını yenidən göz önündə canlandırır. Bu işi daha da dəyərli edən məqamlardan biri də mahnı üçün hazırlanmış klipdir. Rolikdə Rasim Balayevin həyat yolu, kino fəaliyyəti, müxtəlif dövrlərdə yaratdığı obrazlar, uşaqlıq və gənclik illərini əks etdirən kadrlar yer alıb. Musiqi ilə görüntülər bir-birini tamamlayır və ortaya çox təsirli bir ekran işi çıxır.
Bu uğurun əsas səbəblərindən biri də Rövşən Nicatın həm rejissor, həm də bəstəkar olmasıdır. Klipdə seçilən hər kadr musiqinin ritminə, ruhuna və emosional yükünə uyğun təqdim olunub. Eyni zamanda musiqi də görüntülərin təsir gücünü artırır. Bu vəhdət layihəni daha baxımlı və yadda qalan edir.
Artıq bu mahnı izləyicilər tərəfindən maraqla qarşılanır və sevilir. Rasim Balayevi sevənlər üçün bu iş dəyərli bir hədiyyədir. Mənim fikrimcə, bu mahnı və klip Azərbaycan mədəniyyətinə dəyər qatan uğurlu yaradıcı işlərdən biri olacaq. (Manset.az)