Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO
Mədəniyyət
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında möhtəşəm ədəbi-bədii gecə keçirilib.
Bakupost.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Milli Kitabxanası tərəfindən teatrın foyesində geniş kitab sərgisi təşkil olunub. Sərgidə Sabir Rüstəmxanlının müxtəlif illərdə nəşr edilmiş bütün kitabları nümayiş etdirilib. Eyni zamanda yubilyar haqqında son günlərdə çap olunan dörd yeni kitabın təqdimatı keçirilib. Kitab sərgisi ilə tanış olan mədəniyyət naziri Adil Kərimli nəşrləri Sabir Rüstəmxanlıya təqdim edib.

Tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev, Baş nazirin müavini Samir Şərifov, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, millət vəkilləri, alimlər, yazıçılar, ictimai xadimlər və mədəniyyət nümayəndələri iştirak ediblər.

Gecə Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra Baş nazirin müavini Samir Şərifov çıxış edərək Baş nazirin yubilyara ünvanladığı geniş təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məktubda Sabir Rüstəmxanlının həm Azərbaycan ədəbiyyatı və mədəniyyəti, həm də ictimai-siyasi həyatındakı mühüm xidmətləri xüsusi vurğulanıb.

Ardınca millət vəkili, akademik Rəfael Hüseynov məruzə ilə çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığının milli düşüncənin formalaşmasında rolundan danışıb.

Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək yubilyarın Azərbaycan ədəbi-mədəni fikir tarixindəki yerini yüksək qiymətləndirib.

“Şair həm yaradıcılığı, həm də vətəndaş mövqeyi ilə cəmiyyətdə böyük nüfuz qazanıb. O, zəhmətkeş ailədə böyüyüb, uşaqlıq və gənclik illərində kənd həyatının çətinliklərini yaxından görüb. Bu həyat təcrübəsi sonradan onun yaradıcılığında da öz əksini tapıb, əsərlərinə xalq ruhu və milli düşüncə gətirib. Sabir Rüstəmxanlı yaradıcılığında azərbaycançılıq ideyasına daim sadiq qalıb. O, Cəlil Məmmədquluzadə ənənələrindən gələn milli düşüncə xəttini müasir dövrün ictimai-siyasi və ədəbi mühitində davam etdirərək, həm əsərləri, həm də fəaliyyəti ilə bu ideologiyanın inkişafına töhfə verib”,- AMEA prezidenti bildirib.

Deputat, professor Fəzail İbrahimli isə çıxışında Sabir Rüstəmxanlının milli ideyaların və istiqlal düşüncəsinin təbliğindəki xidmətlərindən bəhs edib. Millət vəkili Sabir bəyin 80 yaşa gümrah gəlib çatmasının sirrini də açıb. Şairin “Ürək Allah ocağıdır, Ürəkdə kin yaşatmazlar” misralarını xatırladaraq bildirib ki, Sabir Rüstəmxanlı ürəyində kin yaşatmayıb, əksinə, onu sevənlərlə yanaşı, sevməyənləri də ürəyinin ocağında isinməyə dəvət edib hər zaman.
Türkiyədən gələn qonaq, yazıçı İmdat Avşar çıxış edərək Sabir Rüstəmxanlı haqqında Türkiyədə nəşr olunan kitabını təqdim edib və yubilyarın türk dünyası üçün önəmindən danışıb.

“Sabir Rüstəmxanlı yaradıcılığında yalnız Azərbaycana deyil, bütövlükdə Türk dünyasına xitab edən ideyalar yer alır. Yazıçının əsərləri bir-biri ilə iç-içə keçərək daha böyük məna dairəsi yaradır və bu yaradıcılıq sərhədləri aşaraq müxtəlif coğrafiyalarda oxuculara təsir göstərir. Sabir Rüstəmxanlının əsas fərqi onun illər boyu eyni ideya və amal xəttinə sadiq qalmasıdır. O, həm yaradıcılıqda, həm də ictimai düşüncədə milli kimlik və mənəvi bağlılıq mövzusunu davamlı şəkildə qoruyub saxlayıb”.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu isə çıxışında müxtəlif türk respublikalarının və xarici ölkələrin Yazıçılar birlikləri rəhbərlərinin təbriklərini çatdırıb.
Moskvadan tədbirə qatılan professor-alim Abuzər Bağırov çıxış edərək Rusiyadakı ədəbi çevrələrin salamlarını Sabir Rüstəmxanlıya çatdırıb, həmçinin yubilyara diplom və xatirə hədiyyələri təqdim edib. O, “Literaturnaya qazeta”da Sabir Rüstəmxanlı haqqında dərc olunmuş yubiley yazısını təqdim edib.
Şair və publisist Aqşin Yenisey də çıxış edərək Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və xüsusilə gənc nəsil yazarların formalaşmasında mühüm rol oynadığını bildirib.

Tədbirin bədii hissəsində Sabir Rüstəmxanlının şeirləri səsləndirilib, onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub. Əməkdar artist Elnar Qarayev “Yandırar məni” və “Anaya məktub” şeirlərini təqdim edib. Xalq artisti Mehriban Zəki, Kamran Yunus, Sabir Məmmədov, Hüsniyyə Mürvətova, Laləzar Mustafayeva və Tural Əhməd yubilyarın şeirlərindən nümunələr səsləndiriblər.

Xalq artistləri Qoçaq Əsgərov, Ağadadaş Ağayev, Faiq Ağayev və Aynur İsgəndərli Sabir Rüstəmxanlının sözlərinə bəstələnmiş mahnılarla çıxış ediblər. Gecədə, həmçinin xorun ifasında “Millətəm” mahnısı səsləndirilib.

Gecədə Atatürk Liseyinin şagirdlərinin ifasında “Qarabağa dönüş” kompozisiyası nümayiş olunub.
Tədbir çərçivəsində Sabir Rüstəmxanlının ssenarisi əsasında çəkilən “Cavad xan” filmindən bir hissə nümayiş etdirilib. Sonra Sabir Rüstəmxanlının nəvələrinin şeir təbriki dinlənilib. Sonda Sabir Rüstəmxanlı çıxış edərək yubiley tədbirinin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Gecə “Zəfər” rəqsi ilə yekunlaşıb.