Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi oldu

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi oldu Mədəniyyət

Bu gün Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub.

News24.az xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, AYB nümayəndələri, Türk dünyasından yazıçı və şairlər iştirak ediblər.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında təşkil olunan mərasimdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Vaqif Poeziya Günlərinin Türk dövlətləri arasında mədəni əlaqələri gücləndirdiyini bildirib.

Xalq şairi Vahid Əziz Vaqif Poeziya Günlərinin Azərbaycan ədəbiyyatının təbliği, milli-mənəvi dəyərlərin qorunması və Türk dünyasının ədəbi əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid Vaqif Poeziya Günlərinin çərçivəsində keçirilən Türk Dünyası Gənc Şairlər Festivalının artıq ənənəvi platformaya çevrildiyini bildirib. Onun sözlərinə görə, festival Türk dünyasından olan gənc şairləri bir araya gətirməklə yanaşı, ortaq ədəbi dəyərlərin və mədəni bağların möhkəmlənməsinə də töhfə verir.

Daha sonra Türk Dünyasının Gənc Şairlər Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Proqram çərçivəsində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunan “Sözün ovçusu – Könlüm keçir Qarabağdan” adlı kompozisiya nümayiş etdirilib. “Vaqif” dramı əsasında hazırlanan səhnə kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Rəsmi hissə musiqi nömrəsi ilə yekunlaşıb. (APA)