Xalq rəssamına vəzifə verildi
Mədəniyyət
Xalq rəssamı Sakit Məmmədov Türkdilli Dövlətlərin Rəssamlıq Akademiyasının ilk prezidenti və idarə heyətinin sədri seçilib.
News24.az xəbər verir ki, bu barədə Sakit Məmmədov özü məlumat verib.
O bildirib ki, üç il öncə Özbəkistanda belə bir qurumun yaradılması müzakirə edilib və artıq iki aydır akademiya fəaliyyətə başlayıb.
"Rəssamlıq Akademiyanın 12 üzvü var. Onlardan 6-sı həqiqi, 6-sı isə müxbir üzvdür. Hazırda akademiyada Azərbaycandan üzv rəssam yoxdur. Yanvarda Azərbaycanda da tədbir keçiriləcək və bəzi rəssamlara üzvlük təqdim olunacaq. Siyahıda onların adları artıq mövcuddur. Akademiyada Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Türkiyədən tanınmış rəssamlar təmsil olunurlar. Bu, türkdilli ölkələrin rəssamlarının akademiyasıdır" - Sakit Məmmədov deyib.
Onun sözlərinə görə, akademiya bir çox layihələr həyata keçirəcək, tanınmış rəssamların sərgiləri və fərdi sərgilər təşkil ediləcək: "Noyabrın 3-də Türkiyədə çox yüksək səviyyədə ilk sərgimiz baş tutdu. Londonda, Nyu-Yorkda və Almaniyada sərgilərimiz olacaq. Artıq akademiyanın üzvlərinin yeni kataloqu hazırlanıb. Dekabrın sonu, yanvarın ortaları Azərbaycanda sərginin keçirilməsi ilə bağlı qərar veriləcək. Akademiya TÜRKSOY-un dəstəyi ilə yaradılıb. Bu ideya TÜRKSOY-dan gəlib. Əsas məqsəd sərgilərin təşkili, türk dünyası rəssamlarının tanıdılmasıdır. Akademiyanın diplom və medalları olacaq, medallar hazırlanır.
Mərkəz Ankarada yerləşir və nümayəndəliklər də yaradılacaq. Məsələn, Qazaxıstanın və Özbəkistanın nümayəndəliyi artıq mövcuddur. Hansı ölkənin hansı qərarı varsa, yüksək səviyyədə həyata keçiriləcək. Planlarımız çoxdur, amma hələ başlanğıc mərhələsidir". (teleqraf.az)