“Yalvarırlar ki, bizi üzv edin, sonra da...” – “Biabırçılıqdır!”
Mədəniyyət
“Bu məsələ haqqında xüsusi heç nə deyə bilmərəm, çünki mən bütün bunlardan kənardayam. Mən orada məsləhətçi kimi fəaliyyət göstərirəm. İkincisi də, yalvara-yalvara gəlib, kitab göstərib, ordan-burdan rəy alıb deyirlər ki, bizi İttifaqa üzv olaraq qəbul edin. Ay qardaş, üzv seçilmisənsə haqqını da ödə”.
News24.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Seyran Səxavət deyib. O bildirib ki, İttifaqa üzv olan hər kəs bilir ki, illik 15 manatı ödəməlidir:
“Ümumiyyətlə AYB-yə kimisə üzv olaraq qəbul edəndə çox şeylərə diqqət etmək lazımdır. Ora hər zaman müqəddəs yer olub.
Yığılan pulların da hara getdiyini deyə bilmərəm. Guya ortada nə pul var ki? İllik 15 manatdır. Mən özüm də vaxtlı-vaxtında ödəyirəm. Bu bir az uşaqca söhbətlərdir. Üzv olanda bilirsən ki, 15 manatı ödəməlisən. Yaxşı edirlər”.
Yazıçı vurğulayıb ki, ödənişi etməyən hər kəsi üzvlükdən azad etmək lazımdır:
“Kimin istedadı yoxdusa, gəldiyi yol ilə də geri getməlidir. Üzvlük haqqı nədir ki, ondan azad olmaq da kiməsə nəsə qazandırsın. Bu, biabırçılıqdır. 15 min deyil, 20 min deyil. Kimsə əgər iddia edirsə ki, 15 manatdan azad olsun, getsin o 15 manata 3 metr kəndir alıb, özünü assın. Sizdən soruşuram, elə bir adam varmı ki, il ərzində 15 manat pulu olmasın? Yoxdur. Əbləhliyin dərəcəsinə baxın. Bəşəriyyət nələrdən azad olmaq istəyir, Azərbaycan yazıçısı da 15 manatdan... Fərqə bax də”.
Qeyd edək ki, AYB sədri, Xalq yazıçısı Anar Rzayev üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklərini deyib. O bildirib ki, beş ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. Bununla bağlı sonuncu dəfə bu gün rəsmi yazılı xəbərdarlıq da elan olunacaq.
Yazıçı Anar vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.
O, bununla yanaşı həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb. (Yenisabah)