“Zəfərə açılan pəncərə” filminin təqdimatı oldu - Fotolar
Mədəniyyət
Nizami Kino Mərkəzində "Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib.
News24.az xəbər verir ki, Zəfərimizin 5 illiyinə həsr olunmuş filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur.
Ümumi xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır. Filmdə həbsxananı addım-addım gəzən Dilqəm yaşadığı istirablı anları danışır. Onun Kəlbəcərə gizli keçdiyi yollar, gecələr qaldığı yerlər, tutulduğu meşə, ata ocağı və s. məkanlar lentə köçürülmüşdür. Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə Qarabağ müharibəsinin əsir və girovları haqqındadır.
Filmin əsas obrazı olan Dilqəm Əsgərov qeyd edib ki, bu gün torpaqlarımız azad olunduğu üçün çox sevinclidir:
"Sevinirəm ki, artıq torpaqlarımız azaddır. Mənim üçün o dövr çox çətin idi. Torpaqlarımız işğal altında olarkən hər bir azərbaycanlı kimi mən də pis olurdum".
Dilqəm Əsgərov əsirlik illərini xatırlayıb:
"Əsirlikdə ac qaldım, işgəncələr gördüm. Əsirlikdə çalışırdılar ki, xalqımızın, ölkəmizin əleyhinə danışım. Qarabağa "Artsax" deyim. Şuşaya "Şuşi" deməyimi istəyirdilər".
O qeyd edib ki, 44 günlük müharibə vaxtı atəş səsləri gələndə çox sevinib:
"Mən həbsxanada bu səslərin nə olduğunu soruşanda deyirdilər ki, poliqondakı səslərdir. Amma mən bilirdim ki, əsgərlərimiz torpaqlarımızı azad etməyə başlayıblar. Sevincimin həddi-hüdudu yox idi. Biz qələbə çaldıq. Bu gün isə çox sevincliyəm — Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi, biz Zəfərə qovuşduq”.
Filmin müəllifi, Audiovizual Şuranın üzvü Mübariz Əsgərov çıxışı zamanı qeyd edib ki, ekran işi simvolik olaraq 44 dəqiqədir.
"Mənim üçün hər zaman Şuşa həbsxanasında olanların düşüncələri maraqlı olub. Eyni zamanda düşünürəm ki, baş verən hadisələr zamanla müəyyən qədər unudulur. Buna görə hadisələrə vaxtında reaksiya vermək, yaddaşlara köçürmək lazımdır. Mən də bu məqsədlə sözügedən filmin lentə alınmasını istədim".
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, "Qulp” Studiyası və “Referans Medical Group”un birgə təşkilatçılığı və dəstəyi ilə çəkilmişdir.
Nilufər