Zümrüd Qasımova ərinə vəsiyyət edib: “Ölsəm, bu qızlardan biri ilə ailə qur...” - FOTOLAR - VİDEO
    • 11-12-2019, 14:29
    • 7 163

Zümrüd Qasımova ərinə vəsiyyət edib: “Ölsəm, bu qızlardan biri ilə ailə qur...” - FOTOLAR - VİDEO

Həyatında xərçənglə üz-üzə qalan, mübarizə aparıb onu yenən azsaylı xanımlardandır o. 
Gənc, həyat dolu, yaşamaq, yaratmaq eşqi ilə çırpınan bir ürək... 
Bir də hər gün içində qol-qanad atıb yaşamına təhlükə olan acımasız xərçəng... 
O zaman cəmi 27 yaşı vardı. 
Bu gün onu görən, izləyən kimsə nə zamansa bu dəhşətli bəlayla savaşdığını anlamır. Çünki, gülər üzü, həyata sevgisi ünsiyyətində bunu hiss etdirmir. O bu barədə yalnız həyatda çarəsiz xəstəliklə mübarizə aparanlara yardımçı olmaq, güc vermək üçün danışır. 
Həmsöhbətimiz aktrisa Zümrüd Qasımovadır.
“Liatris Holding”in təşkilatçılığı ilə həyata keçirilən “Qadına şiddətə son” layihəsinə onu cəlb etməyimizin əsas məqsədi də Zümrüdün “təslim olma”, “boyun əymə” mesajlarıdır. Biz Zümrüd Qasımovanın simasında həyatını heçə sayan, özünü min bir əziyyətlərə, işgəncələrə dözməyə, döyülməyə, söyülməyə məhkum edən qadınlara #təslimolma ismarıcını veririk: 

“Bu dünyanın cəhənnəmi-xərçəng"


- Özümü pis hiss etməyə başlamışdım. UZİ-yə getdim, sonra mammoqrafiyada yoxlandım. Yoxlanışdan sonra həkimlər dedilər ki, niyə belə gec gəlmisiz? Mən yalnız o zaman vəziyyətin nə dərəcədə faciəli olduğunu dərk elədim. Sonra yoxlanmaq üçün Onkologiya Xəstəxanasına getdim. Nazim doktor müayinədən sonra bircə kəlmə dedi: “Bacardığınız qədər tez harasa gedin”. Ümumiyyətlə, insan üçün xərçəng bu dünyanın cəhənnəmidir. Kişilər bu xəstəliyi qadınlara nisbətən daha ağır keçirirlər. Çünki ağrını da, dərdi də içində çəkirlər. Xanımlar daha dözümlü, daha səbrli, daha güclüdür. Kişilər qripə tutulanda bütün günü nazları ilə oynamalıyıq. Qadınlar isə istənilən vəziyyətdə güclü olmağı bacarırlar”.

 

“Məni buraxma, ölüm məni aparar”

Zümrüd “xərçəngəm” kəlməsini ilk olaraq həyat yoldaşına deyib:


- “Həyat yoldaşım sevdiyim insan və sirdaşımdır. Qəbul eləmədiyim diaqnozumu onunla paylaşdım. Ondan kömək, yanımda olmasını umurdum, istəyirdim. O da əlindən gələni elədi. Başqa ölkəyə getməyimə, daha yaxşı xəstəxanalarda əməliyyatıma kömək oldu. Sağlığıma onun sayəsində qovuşdum. Bu xəstəliklə mübarizə aparmaq çox çətindir. Bunun üçün çox uzun zaman lazımdır. Uzun müddət hər səhər özümə bircə sual vermişəm: Niyə mən? Həyatımın ən dəhşətli günlərində çox bədbəxt oyanırdım. Amma artıq çox xoşbəxt oyanıram. Hər an düşünürsən ki, “ölə bilərsən”, “sən olmayacaqsan”, “torpağın altında olacaqsan”...“Ölüm” sözü bizə mücərrəd gəlir, bir var onun haqqında eşitmək, bir də var, onunla üz-üzə qalmaq. Bu dəhşətdir!... Yaşamaq üçün çabalayırsan. Həmin anlarda anamın əlini tutub deyirdim “məni buraxma, birdən ölüm məni aparar”. Bu xəstəlikdə vurulan o kimyaterapiyalar yer üzünün cəhənnəmidir. Kimsə yanımda deyəndə “kimyaterapiya edəcəm”, deyirəm, ay Allah, sən nələrdən keçəcəksən... Şüada bədənin bir tərəfi ağ, bir tərəfi tamamilə qara olur. Bunun özü də dəhşətlidir. 25 gün ərzində o qədər prosedurlar edirlər ki, əl qapqara olur. Bu psixoloji olaraq da çox çətindir. Əsasən də mənim kimi qadınlar üçün. Övlad yoxdur ki, nazınla oynasın. Bir anadır. Ana onu ver, ana onu gətir... Ananın kim olduğunu mən 27 yaşımda, məhz xəstələnəndə anlamışam. Bir gün kimyaterapiyadan gəldim, çox pis idim, Başımı anamın dizinə qoydum, dedim “Sən bu 27 ili hardaydın? Niyə mən səni görmürdüm?” 

“Onun ölümü məni çox sarsıtdı”

Bu xəstəlik təkcə onun bədəninin bir parçasını deyil, ana olmaq arzusunu da köksündən qoparıb: 

- “Bir qız var idi, Rəna... Çox gözəl və həyat dolu bir qız idi. Qobustan Qoruğunda işləyirdi. Döş xərçəngindən əziyyət çəkirdi. Mənimlə instagram vasitəsi ilə tanış oldu, danışırdıq onunla, gözəl ünsiyyət qururduq. Görüşdük, tamaşama gəldi, stimul aldı. Bir gün dedi ki, ailə qurmaq istəyirəm, oğlan mənim xəstəliyimi bilir və qəbul edir. Dedim, o insana halal olsun. Toyları oldu, gəlin köçdü. Bir gün də gəlib dedi ki, mən ana olmaq istəyirəm. Dedim, Rəna, bunu eləmə, sənə olmaz, hələ səndə hər şey çox təzədir. Qoy, bir az zaman keçsin. Amma məni dinləmədi. Əlbəttə, mən onu anlayıram, yeni ailə qurub, hər kəs soruşur niyə övladı yoxdur, niyə, niyə? Hətta mən bildiyimə görə, ailəsində ona basqı da olub. Oğlan yoldaşının xərçəngdən əziyyət çəkdiyini gizlədibmiş. Nə isə... Qaynanası bilib. Oğlana təzyiq göstəriblər ki, ondan  ayrıl. “Uşaq dünyaya gətirə bilməyən, xəstə gəlin bizə lazım deyil”. Nəticədə qızı boşayıblar. Amma o vaxtadək qiza olan olub. Çünki hamilə qalmaq üçün çox dərmanlar atıb. Sonuncu dəfə mənə yazdı ki, xəstəliyim qayıdıb. Artıq bütün orqanlarıma yayılıb. Mən də çox məyus oldum, dedim, axı, sənə demişdim, Rəna... (Ah çəkir...)Bir müddət sonra Rəna dünyasını dəyişdi, onun ölümü məni çox sarsıtdı. Axı nəyə, kimə görə bunu elədin?! O zaman mən başa düşdüm ki, mən doğru qərar vermişəm. Ana olmamağa israr eləməməyim doğru addımdır. Rəna, öz həyatını heçə sayıb tez ailə qurdun, qayınanam deyir, ərim deyir... Axı, nəyə, kimə görə... Dəyərdimi?... Mən də istəyərdim bəbəşim olsun, evə gələndə qabağıma qaçsın, qayğısını çəkim, məktəbə aparım. Amma nə etmək olar...” 


“həyat yoldaşım yarama baxıb dedi ki...”

Müsahibimiz hər şerə rəğmən həyata nikbin baxmağa bacarır: 


 - Övladım yoxdur, amma iki qız uşağını övladlığa götürməyi düşünürəm. Yoldaşım dərrakəli, müdrik, nəzakətli, alicənab bir insandır. Əməliyyatımın üçüncü günündə o, yaramı dəyişməyə gəlmişdilər, mənə baxırdı. Utandım, dedim, mənə baxma. Dedi, sən mənim üçün hər zaman gözəlsən. Yoldaşım bundan sonra hansı addımı atsa da, o ağır günlərimdə mənimlə olduğu üçün ömrüm boyu minnətdar olacağam. 10 gün xəstəxanada yataqda olduğum müddətdə o yanımda, kresloda oturdu, bir dəqiqə belə məndən ayrılmadı. Mən onun borcundan çıxa bilmərəm. Reanimasiyadan çıxanda özümdə olmamışam. Rəngim göm-göy, bədənim buz kimi olub. Yoldaşım səhərə kimi yorğanın altına nəfəs verib məni isitməyə çalışıb. Tibb bacılarına alt paltarımı belə dəyişməyə imkan verməyib. Mən xəstə yatanda qızlara baxıb deyirdim ki, əgər ölsəm, onlardan biriylə ailə qurarsan, tək qalmazsan”.... 

"Xəstə qadını qoyub gedən kişi alçaq kişidir"

...“Əvvəl ölümü çox düşünürdüm, amma bir gün oyandım və dedim ki, mən heç yana gedən deyiləm, yaşayacağam. Ağladım, ağladım, amma qərar verdim ki, təslim olmayacağam. Və 9 ildir ki, təslim olmuram”- deyir xanım aktrisa.
Elə bununla da onun həyatda yaşamaq uğrunda mübarizəsi başlayıb. Xərçəng olduğunu öyrənən istənilən şəxs çökür, amma ayağa qalxmaq və mübarizə üçün həyatı çox sevmək və sağalacağına inanmaq artıq mübarizədə qalib olmaq deməkdir. Və Zümrüd Qasımovanın da mübarizəsi yaşamaq eşqi ilə başlayıb: “Ard-arda əməliyyatlar insan orqanizmini tamam haldan salır, amma hər şeyə rəğmən yaşayırıq. Bu ömrü Allah yazıb və biz yaşamalıyıq. Həyat yoldaşıma demişəm ki, əgər bir gün görsək ki, alınmır, ayrılaq. Amma o deyir ki, ölənə qədər mənimlə olacaqsan. Qadın başlanğıcı çox güclüdür. Bəli, bu xəstəliklə əlaqədar olaraq çox kişilər qadınları atıb gedirlər. Xəstə qadını qoyub gedən kişi alçaq kişidir. Həyatda hər şey bumerandqır, sonra o kişi həmin qaıdna elə möhtac olur ki...”. 

“Atam mənə sillə vurdu...”

Şiddət, işgəncə gördüyü yerdə qalmağın məcburiyyətini dəhşət kimi qiymətləndirir: “Bir dəfə kişi qadına əl qaldırdısa, həmin an qadın ordan getməlidir. Bir dəfə qadına əl qaldıran kişi üçün bu adiləşir. Heç zaman icazə vermək olmaz ki, sənə əl qaldırsınlar. Qadınla uşağı döymək olmaz. Çünki sən qolu güclüsən, onlar isə sənin qarşında acizdilər. Bir dəfə döyülsəm, ikinci dəfə o ünvana bir daha qayıtmaram. Bu mənim 27 yaşımdan sonra ikinci həyatımdır. Nə birinci, nə də ikinci həyatımda bunu heç zaman bağışlamaram. Bu həyat mənə o qədər zorluqlarla verilib, heç kimə görə bağışlamaram. Mən çox dəcəl qız olmuşam, həddindən artıq. Həyatımda İki dəfə döyülmüşəm, bir dəfə anam döyüb, öz dediyimdən vaz keçmədiyimə görə oxlovla döyülmüşəm. Amma bu gün bu xəstəliyə qalib gəlməyimin birinci səbəbi bəlkə də bu inadkarlığım oldu. Bir dəfə də çox şuluqluq elədiyimə görə, atam döyüb. Hey dedi səs salma, səs salma, mən də qulaq asmadım, axırda yavaşca üzümdən sillə vurdu. O silləni həyatımın bu yaşına qədər unutmamışam. Atamın o yüngül silləsi mənim üçün dəhşətli psixoloji problemə çevrildi. Anamın elədiyi o qədər təsir eləmədi, unutdum. Amma atanın əl qaldırmasını hələ də unuda bilmirəm”.


“Ana rolunu oynamamışam...”

Zümrüd Qasımova News24.az vasitəsi ilə xanımlara müraciət edərək, özlərini stressdən uzaq tutmağı məsləhət görüb: “Bütün xəstəliklərin səbəbi stressdir. Ondan uzaq olmaq lazımdır.  Xəstəliyimin ilk səbəbi də stress olub. Qadınlar boşanmağa qorxurlar, çünki düşünürlər ki, uşaqlara görə dözməliyəm, boşanıb hara gedəcəm, ailələrin və ətrafın təzyiqi, bütün bunlar qadınlarımızı çox qorxudur. Azərbaycan qadınının ən böyük problemi, “buna dözməliyəm” düşüncəsidir. Bütün qadınlarımıza ölümlə mübarizə aparan biri kimi demək istəyirəm ki, sizin həyatınızdan önəmli heç nə yoxdur. Çünki bizdə deyirlər əgər boşanmısansa, çətin ki, yenidən ailə qura bilərsən. Oğlan anası deyir, “yox mən boşanmış qız ala bilmərəm, ərə getməmiş qızla evlən”.

Çox az ana ola bilər ki, nə olsun onun ailəsi dağılıb, onu almaq savabdır. Azərbaycan reallığı belədir,  boşanmış bir qadının artıq öz həyatı ola bilməz. Mənə neçə kişi göstərə bilərsiniz ki, boşanmış bir qadını alıb onun uşaqlarına öz övladı kimi baxır? Bunun üçün saatlarla fikirləşməliyik. Bizim cəmiyyətdə kişilər bir qadını sevir, amma ailəsi deyir “yox, sən biz dediyimizlə ailə qurmalısan”. Beləcə neçə sınmış talelər yaranır... Hətta mən xərçəngi keçmiş bir qadınam, hətta bədənimin neçə yerində bıçaq zədələrinin yeri var, mən dünyaya övlad gətirə bilmərəm, bütün bunlara rəğmən özümü çox güvənli, çox gözəl bir xanım hesab edirəm. Xoşbəxt bir ailəm var, amma heç zaman tənhalıqdan qorxmamışam. O səbəbdən də qadınlara məsləhət görürəm ki, istənilmədikləri yerdə qalmasınlar. Ailə gözəl bir şeydir, əlbəttə, amma alınmırsa, heç kim əzilən, incidilən yerdə qalmağa məcbur deyil”. 

Müsahibim hər gün teatr səhnəsində müxtəlif rollar aoyanır, öz bacarığı və istedadı ilə məmnun edir. Amma bu zamanadək bir dəfə də olsa, səhnədə ana rolunu oynamayıb:

 - Ana rolu oynamaq istəyərdim. Fikrimcə, bu obrazı mükəmməl oynaya bilərəm...

Müəllif: Ülkər Qasımova 
Fotolar: Fərid Şabanov
Video montaj: Adil Ağayev