"Mənə xristian cadusu olunub" - ŞƏHRİYAR DEL GERANİ - VİDEOMÜSAHİBƏ
    • 26-12-2019, 14:12
    • 7 656

"Mənə xristian cadusu olunub" - ŞƏHRİYAR DEL GERANİ - VİDEOMÜSAHİBƏ

“Şeir nədir” sualına çox təriflər verilib. Amma mənimçün harda şeir varsa, demək, orda ruhla ilahi hissin vəhdəti hökm sürür. Misralarıyla iliyinə qədər təsir edən, içindəki sarı simə toxunan şəxs şairlikdən daha yuxarıda, ən yüksək qatda dayanır. Bəlkə şeir elə Allahın özüdür, onunla dərdləşə, hisslərini bölüşə bilirsən... 

Amma şeir yazan hər kəs bu zirvədə parlaya bilməyib. Hətta ömür boyu o səviyyəyə əli çatmayan şairlərimiz olub, yenə də var...
Müsahibimiz, gənc olmasına baxmayaraq, şeirlərilə bir çoxlarının ürəyinə yol tapan Şəhriyar del Geranidir. 


News24.az onun yarızarafat, yarıciddi, bir az gileyli, bir az da ərkyana müsahibəsini olduğu kimi təqdim edir. 
 

- Əvvəla xoş gəlmisiniz. Eşitdik, Kiyevə yola düşmək istəmisiz, əvvəl suçiçəyi tutdunuz, sonra da hava limanında problem yarandı, getməyiniz alınmadı. Nə baş verir, bəlkə yolunuzu bağlayıblar? 

-  Deyəsən, elədir, (gülür) bir dostum dedi ki, sənə cadu eləyiblər.

- İnanırsınız buna? 

- Hə, mən inanıram. Getdim cadugər yanına, o mənim tilsimimi qırdı. Demişdilər, mənə xristian tilsimi ediblər. Ona görə də xristian cadugərin yanına getdim. Güzgülərin arasında oturursan orda, dualar oxunur. Dualar oxudunqca da, sən onu izləyirsən. Deyəndə ki, həyatında bütün çətinliklər çəkilsin getsin, həmin an güzgülər arasında dəhliz yarandı. Onda 7-8 il əvvəl baş verənlər yadıma düşdü. Mən onda həmin tilsimi qırdım.  
                        
Rakıdı-çıkıdı” oxuyub, onun da bacardığı odur...”
 
- Bir müddət öncə Fərqanə Qasımova və Sevda Ələkbərzadə ilə aranızda narazılıq yaşandı. Nəsiminin qəzəlini düzgün oxumadığına görə irad bildirmişdiz. Ümumiyyətlə, sizcə, Nəsimi ilinə layiq ola bildik? 

- Formal olaraq hamı çalışır ki, Nəsimi İlində nəyisə qabartsın. Amma biz mahiyyətə baxmırıq ki, Nəsimiyə 21-ci əsr gözü ilə baxa bildikmi? Belə baxanda məlum olur ki, Nəsimi cəmi 2-3 qəzəldən ibarət imiş. Bu, çox gülüncdür. Bütün müğənnilər də həmin o 2-3 qəzələ müraciət etdi. Əslində Nəsimi haqqında dissertasiyalar yazılmalı idi, görmədik. Araşdırılmamış qaldı. Bu işlərin içində ən yaxşısı elə Afət xanımın oxuduğu oldu. Mənim xoşuma gəldi. Məşhur bir hind  musiqisi üzərində ritmi tapıb, çox dəqiq aranjeman olunmuşdu. Hər kəs hansı yerdədisə, o bucaqdan yanaşır. Afət xanım “rakıdı-çikıdı”   oxuyub, onun da bacardığı odur. Tutalım ki, Fərqanə Qasımova muğam ifaçısıdır. O da buna başqa bucaqdan baxır. Burda kimisə qınamaq olmaz. Həm Fərqanə, həm də Sevda  xanıma iradım o idi ki, mətni düzgün oxumamışdılar. Onlar ifaçı, mən şair, mənim onlarla nə qərəzim ola bilər? Hər iki adını çəkdiyim xanımın sənətinə hörmətim var. Mən onları dinləməsəm, sevməsəm, tənqid edə bilmərəm.  
 
“Nəsimini dartıb,  o dünyadan palatka toyuna gətirdilər”
 
- Bayaq dediniz ki, Nəsimi ilində araşdırma aparılmayıb. Bəs, siz şairlər, yaradıcı adamlar birləşib Nəsimi ilinə nə töhfə verdiniz?

- Bu şairlərin işi deyil.  Nəsimi də şairdir, mən də. Mən Nəsimi üçün nəyə görə çalışmalıyam ki? Mənim Nəsimi dühası üçün xidmətim, heç olmasa, Nəsiminin səviyyəsində olan 3-5 şeir yazmağım ola bilər. Şair yaxşı mətn yazmaqdan başqa nə edə bilər ki?  Bunu araşdırmaq ədəbiyyatşünasların, Ədəbiyyat İnstitunun, AMEA-nın işidir. Mən də onlardan sanballı bir iş görmədim. Problem odur ki, biz Nəsimiyə yalnız musiqi gözüylə baxırıq. Ona görə də Sami Yusufu bura çağırdılar. Allah rəhmət eləsin, nə yaxşı ki, Muğannanın ssenarisi əsasında bir film çəkilib.  Düzdür, o da yarı-yarımçıqdır, amma heç olmasa var. Nəsimi ilində biz ona ancaq müğənni gözündə baxdıq. Mənə elə gəlir ki,   Nəsimini  iki cahana sığmayan dünyasından dartıb palatka toyuna gətirdilər.
 
- Yeni kitabınızı görürəm, bu neçəncidir?

- Şeir kitabı olaraq ikinci kitabımdır. Birinci -“Darıxmağın adı” kitabım 2015-ci ildə çıxmışdı. İkinci kitabımsa bu il çıxdı, “töhfə” deyirsiniz, bu kitabım elə Nəsimi ilinə töhfəmdir də... Amma üçüncü kitabım romanımdır.  

- Kitablardan qazanc götürə bilirsiniz?

- Ara-sıra redaktə işləri olur. Amma indi Kiyev Dövlət Universitetində magistraturada oxuyuram. Ona görə də 2 ildir ki, Ukraynadayam. Gələn il müdafiə edib tamamlayacam. Hazırda elə bir xüsusi işim yoxdur. O ki, qaldı öz kitablarımdan qalan gəlirlərə, sonuncu – “Gecəniz şeirlərə”, Tərcümə Mərkəzi tərəfindən nəşr olunub. Mərkəz bu kitabı gənc yazıçılara dəstək məqsədilə pulsuz nəşr edib, onlara təşəkkür edirəm. 
Amma satışını “Kitab otağı” layihəsiylə bir neçə rayonda - Ağcabədidə, İmişli ASAN xidmətdə, APA Holdingdə, Məşədi Dadaş Məscidində həyata keçirdik. Məşədi Dadaş Məscidində əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olundu. 


- Məsciddə imza gününü etməyiniz necə qarşılandı?

- Hacı Şahin Həsənliyə böyük hörmətim var. İmanlı, intellektli, hərtərəfli şəxsiyyətdir. Hacı əl Oyunları Sarayında da imza günümə gəlmişdi. Orda bir görüş keçirdik. Ordakı bəzi adamlar başladılar, mənim dini dünyagörüşümü çək-çevir eləməyə. Mənə nifrəti olanlar Hacını hədəfə çevirdilər. Hardasa 2 ay bu mövzu müzakirə olundu.
 
“İranda oturub, sosial şəbəkə üzərindən trolluq etdirirlər”
 
- Sizə nifrət edənlər kimdir?           
 
- Bilmirəm, siyahısını tutmamışam. Hər halda nifrət etməsəydilər, bunun xeyirli bir iş olduğunu anlamalıydılar. Yoxsa, bunu niyə başqa yerə yozsunlar ki? Azərbaycanda din radikalizmə çevrilib, dövlət çevrilişi etmək istəyən xətlər ki var, İranda, xaricdə oturublar. Sosial şəbəkələr üzərindən camaata trolluq etdirirlər. Bizim məqsədimiz, demək istədiyimiz odur ki, məscid təkcə möminlər üçün ibadət yeri deyil. “Qurani-Kərim” “oxu” sözü ilə başlayıb, peyğəmbərimiz “oxu” deyibsə, “Quran” da  kitab kimi nazil olubsa, nəyə görə məsciddə kitab təqdimatı etməməliiyik?! Məscidin təməlində kitab var. Mərsiyə şeir janrı olaraq Şərq ədəbiyyatnın nümunələrindən biridir. İndi deyirlər kitab satılmır, şeirə qiymət verən yoxdur. Məsciddə həmişə mərsiyə oxunub da... O ki qaldı, gəlir məsələsinə, bizim nəşriyyatlar deyir ki, kitab satılmır. Şeir kitabına ehtiyac yoxdur. Amma biz göstərdik ki, min nüsxə şeir kitabı bir ay ərzində satıla bilir. Yeni kitabımı da on iki min nüsxə ilə öz hesabıma çap etdirəcəm. On min nüsxəni də rayonları gəzə-gəzə satacam, ucqar yerlərə gedib oxucuların qarşısına çıxacam. Biz sübut elədik ki, nəşriyyat səhv deyir. Ümumiyyətlə, Azərbaycanda nəşriyyat yoxdur, mətbəə var. Nəşriyyat olmadığından, naşir də yoxdur. Olmayan o naşirlərə isbat etdik ki, bir aya min nüsxə şeir kitabı satıla bilər. 
 
- “Şeir dinimizdə günahdır” deyənlər də var...
 
- Quranda “Şuəra” surəsi var, “o şairlər ki, yolundan azıblar, onların arxasınca getməyin” deyilib. Orda söhbət yolunu azmış şairlərdən gedir. Əvvəllər şairlər çox böyük qüvvə olub, müqəddəs kitabda belə bu barədə xəbərdarlıq edilib. Bu və digər sərsəmləmələri deyənlər səhv danışırlar. “Qurani-Kərim” də, onu gətirən peyğəmbər də, imamlarımız da “oxu” deyir. Şair də “oxu” deyir. Bəyəm dinimiz mütaliəsizliyi təbliğ edir?! Bunun heç bir izahı yoxdur! 
 
- Belə  bir fikir də səsləndirilir ki, dindarlar cahil, savadsız, ateistlər isə intellektualdırlar…
 
- Qətiyyən razı deyiləm. Əsası yoxdur. Dünya elminin təşəkkül tapmasında kifayət qədər alimlər, akademiklər, elm adamları, şairlər, yazıçıların rolu olub. Filosof və şairlər elmlərin çoxuna istiqamət veriblər. Bu, uzun bir söhbətdir. Onu deyənlər “piyada” adamlardı. Dünyada artıq belə köhnəlmiş fikir qalmayıb, Allah var, ya yoxdur, səni niyə narahat edir?! Səni narahat edirsə, demək, sənin içində bir Allah var da.  

“Kefli İskəndər” kimi avara Azərbaycan ziyalısının prototipi ola bilməz”
 
- Siz Allahı tanıyan, “yeyib-içməklə” arası olmayan, həmkarınız - yazıçı Kəramət Böyükçöl isə tam əksiniz, “Kefli İskəndər” təfəkkürlü adamdır. Amma hər ikiniz ən çox tənqid və müzakirə edilənlər sırasındasız. Sizcə, insanların istədiyi nədir? Şair, yazıçı necə olmalıdır? 

- Əslində bu, gözəldir. Son 10 ildə ən çox tənqid olunan Kəramət Böyükçöldü, mənəm, Salam Sarvandı, bir də Aqşin Yeniseydi. 3-5 imza var, onları çox tənqid edirlər. Mən bundan incimirəm. Hələ yaxşıdır ki, “şair”, “yazıçı” sözü dominantdır. Bu, çoxrənglilikdir. Tutaq ki, içki içənlər məni tənqid edirlər. Məncə, Azərbaycan ziyalısını “Kefli İskəndər” obrazından çıxarmaq lazımdır. O, çox uğursuz obrazdır. Allah rəhmət eləsin, Cəlil Məmmədquluzadəyə, o, avara bir obrazı gətirib ziyalı kimi göstərib. Düşünürəm ki, “Kefli İskəndər” kimi avara, xuliqan, məzmunsuz, mənəviyyatsız bir adam Azərbaycan ziyalılarının ümumiləşmiş prototipi ola bilməz. Azərbaycan ziyalısı kifayət qədər ayıq olmalıdır, cəmiyyətə açıq gözlə baxmalıdır. Mən özüm üçün məktəb olaraq, “Fyuzat”ı seçirəm. Şəcərə olaraq  “Fyuzat”ın davamçısıyam, Əli bəy Hüseynzadəni özümə örnək seçmişəm. Ona görə ki, bizim bayrağımızı qaldıran “Molla Nəsrəddin” yox, Fyüzat məktəbi olub. 1918-ci ildə bayrağımız qalxdı, Azərbaycan müstəqil oldu və yaşıl rəng İslamın rəmzi elan edildi. “Kefli İskəndər”sə deyir ki, İslam bizə lazım deyil. Səhv eləyirsiniz, İslam bizə lazımdır. Azərbaycan cəmiyyətinin 95 faizindən çoxu müsəlman sayılır, bunların dini inancı budur. Nəyə görə aşağılayırsız? Deyirsiniz ki, islamı yox, mövhumatı aşağılayıram. Mövhumatı aşağıla, amma islamla işin olmasın. Yaşıl rənglə sənin nə işin var?! Məntiqlə belə çıxır ki, “Kefli İskəndər” istəyir, yaşıl rəng bayraqdan çıxarılsın. O deyir ki, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Ə.Topçubaşov heç nə bilməyib. Onun məntiqiylə belə çıxır da...  Görürsünüz, yenə də ədəbiyyatşünasların işsizliyi görünür. Ədəbiyyatşünaslıq yoxdur deyə, biz bunları  çək-cevir eləməyə başlayırıq.  

- Son vaxtlar gənc yazarların klassikləri tənqid etməsi də bununla bağlıdır?   
 
 - Ədəbiyyatşünaslıq yoxdur deyə, hər ağızdan bir avaz gəlir. Bu məsələni 1992-ci ildə Həmid Herişçi, sonra rəhmətlik Rafiq Tağı gündəmə gətirmişdi. Buna yenidən ehtiyac var. O zaman televiziyalar, radiolar, qəzetlər, saytlar bunun ətrafında müzakirələr aparmağa başladılar. Yenə də ortaya heç nə çıxmadı. Novruzəli personajı bizim cəmiyyətə yeridilməməlidir. Çünki Novruzəli yoxdur. Mənim üç yaşında bacımoğlu “vatsap”la video görüntülü mənə zəng edib danışırsa, Azərbaycan uşağına necə “Novruzəli” deyə bilərsən?! Nə oldu, hamı getdi məktubu ata bildi, erməni də, rus da, bir azərbaycanlı bunu bilmədi?! Yaxud da usta Zeynal. Nə oldu, Akop uşağını xaricə oxutdurmağa göndərdi, amma evində işlətdiyi Zeynal səfeh, mövhumatçı dindar oldu? Müqayisələr istənilən halda yanlışdır. Bəli, yazıçı öz xalıqını tənqid edə bilər. Amma məsələn, Qulamhüseynlə Məmmədrzanı müqayisəlı edə bilər, amma erməni Akopla azərbaycanlı usta Zeynalı yox. Müqayisə edib, aşağılaya bilməz. Mənim mövqeyim budur. Yenə deyirəm, tənqid etmək olar, nə çox dünyada öz ölkəsini tənqid edənlər- Türkiyədə Əziz Nesin, Fransada Gi de Mopasan, Rusiyada Puşkin... Puşkin deyir, “mən rus xalqına nifrət edirəm, amma bunu mənim yanımda kimsə desə, külqabını başına keçirərəm”.  

“Şairlərin meyxanaçıları qısqanmağının səbəbi...”
 
- Bir yerdə demisiniz ki, meyxanaçılar insanların içinə çıxa bilir, şairlər yox, niyə?   

 - Bilirsiniz, meyxanaçıların müstəvisi toyxanalardır. İstənilən adam Rəşad Dağlıya qonarar verir,  çünki övladının xeyir işində meyxana deyir. Meyxanaçının xalqın içinə çıxması üçün heç bir maneə yoxdur. Bu günün şairi bunu edə bilmir. Məsələn, istədim ki, rayonda kitabımın təqdimatını edəm, bilirsiniz mənə nə qədər bürokratik əngəllər törətdilər? Dedilər ki, əvvəla burda görüş keçirməkdən ötrü icra hakimiyyətinə məktub gəlməlidir və qərar veriləndən sonra görüş keçirilə bilər. Yazıçılar İttifaqı birbaşa icra hakimiyyətinə məktub ünvanlaya bilmir, çünki qadağa qoyublar. Dövlət Tərcümə Mərkəzi həmçinin, müraciət edə bilmir. Başqa hansı qurum olmalıdır? Gördünüz, meyxanaçı ilə mənim fərqimi?! Şair özü qapı-qapı düşməlidir, beş ay gəzməlidir ki, bir rayonda bununla görüş keçirilsin. Bu cür bürokratik əngəllər bizim ömrümüzü, əsəblərimizi alır. Bizim şairlərin meyxanaçıları qısqanmağının səbəbi budur əslində, camaata sözünü çatdıra bilmirlər.  

Ay Anar müəllim, 70 ildir Yaziçilar Birliyinin sədrisən....”
 
 - Yazıçılar Birliyi sizə kömək edirmi?  

 - Heç ummuram da. Yazıçılar Birliyi adi bir məktub ünvanlaya bilmir, səlahiyyəti yoxdur, mənə nə kömək edəcək? Ümumiyyətlə, kimsə kiməsə nəyə görə kömək etməlidir? Bizim bir neçə uşaq-muşaq yazıçı-şairlərimiz özlərini ələbaxan öyrədiblər. Bütün günü şair yetimdi, kasıbdı-filan deyirlər. Hamı kasıb ola bilər, şair də, alim də, hətta biznesmen də. Yazıçılar Birliyindən ummaq olar ki, nəyə görə kitab bazarını formalaşdırmağa cəhd etmir. Ay Anar müəllim, 70 ildir Yazıçılar Birliyinin sədrisən, nəyə görə bu vaxta qədər say-seçmə şairlərin  formalaşdırdığı bir yer qurulmayıb, dövlət başçısı ilə görüşlər keçirilmir. Sonuncu görüş, Allah rəhmət eləsin, Heydər Əliyevlə olub. Bizi Prezidentlə görüşdür, sözümüzü deyək də... Şair bir bunu uma bilər. Azərbaycanda kitab sənayesini qur, kitabımı çıxarım. Mən ondan pul qazanacam. Dövlətdən şairin umacağı tamam başqa şeylər olmalıdır.     


 - Deyirlər, son dövrlər nəzm nəsrə uduzur, razısınız bu fikirlə?  

- Artıq neçə illərdi deyirlər, “şeir öldü”, “şair öldü”, filan... Qətiyyən belə deyil. Şeir nədir? Nəğmə, layla. Layla bütün dillərdə var. Layla uşağın yuxuya getməsi üçün, uşağının ağlamaması üçün oxunan bir şeir növüdür. Dünyada uşaqlar doğulur, sonuncu uşaq doğulana, sonuncu ananın laylasına qədər şeir yaşayacaq. Əslində nəsr uduzur. Dünyada siz mənə uzağı 30 şairin adı çəkə bilrsiniz. Amma 300-400 tanınmış Nobel mükafatçısı olan yazıçı adını sadalayaram. Şeir çox çətindir. Bu müstəvidə Folknerin fikriylə razıyam. O özü yazıçı idi, amma yaradıcılığa şerlə başlamışdı. Bütün yazıçılar uğursuz şairlərdi. Ədəbiyyatı da Folkner belə bölür. Şairlər və başqaları... Şeirə uduzmaq kimi fikirlər Qərbin uydurmasıdır. Çünki Qərbdə şeir həmişə zəif olub, Şərqdə üstün.   

 - “Şeir bədahətən, şifahi söylənilməlidir” demisiz. Amma klassiklərsə bunun əksi olaraq “şeir yazıldıqdan sonra dəfələrlə yoxlanılmalı, düzəliş edilməlidir” deyiblər.   
 
- Mən demişdim ki, şeir, nəğmə şifahi təfəkkürün məhsuludur. Yəni o, imzasız, təb gələndə deyilməlidir. 

 - Son dövrlər şairlər sərbəst vəzndə daha çox yazırlar, məsələn, qəzəl kimi ağır vəzndə yazmaqdan qaçırlar. Daha asan üsula niyə üz tuturlar? 

- Bu da Qərbin uydurmasıdır. Sərbəst vəzn deyil, sərbəst vəznsizlikdir. Vəzn ölçü deməkdir, qəzəlin müəyyən ölçüsü, divaninin öz ölçüsü var. Əslində şeir sərbəst olmur, sərbəst yazı olur, köşə olur. O, mənlik deyil, şeir, poeziya deyil, ədəbiyyat nümunəsi deyil, publisistikadır. Gerçək mətnlərin öz nəğməsi olur. O demək deyil ki, bəlli ölçülərdə olsun, məsələn, qoşma, gəraylı müxəmməs, müsəddəs və s. Bunlar olmaya da bilər. Gerçək şairlər ölçülərə diqqət edir. O ölçülər nəğmədir.  
 
 - İcazənizlə bir az da şəxsi suallara keçək. Yaşınızı bilmək olarmı?  
 
- Olar, tutaq ki, 30 (gülür) 
 
 - Feysbukda bir statusunuz nəzərimi cəlb elədi, qızların yemək bişirə bilməməklərinə irad bildirmisiniz. Oxucularınız arasında da qızlar çoxluq təşkil edir... Qorxmursunuz, subay qalarsınız? 

 - (gülür) Mənim yox, poeziya, şeir oxucuları əsasən qadınlardı. Onlar nəğməyə daha çox aşiqdirlər. Təkcə mənim deyil, digər şairlərin də oxucusu qadınlarıdr. O ki qaldı evlənməyə, buna mən başqa cür yanaşıram. Hələ ki, real bir şey yoxdur. Amma o paylaşımlar məsələsində, bəli, mətbəx mənimçün vacibdir. Adi yumurta- pomidor bişirə bilməyən nə qədər xanımlarımız var. Kartof qızarda bilmirlər. Bu, biabırçılıqdır. Çayı necə dəmləmək lazımdır, ondan xəbərsizdirlər.  

- Müasir qızların bir çoxu yemək bişirə bilmir və bunu özlərinə qəbahət saymırlar...  

- Mən sayıram.  

“Qadın mətbəxdə necədirsə, yataqda da...”
 
- O zaman işiniz zor olacaq... 

- Onsuz da mənə çətindi, təkcə evlənmək yox, elə evlənməmək də... Amma bunun müasirləyə qəti dəxli yoxdur. Müasir qadın yemək də bişirməlidir, ev işini də bilməlidir. Ələlxüsus, yemək bişirmək birbaşa qadının məharətinin göstəricisidir. Bir qadın mətbəxdə necədirsə, hər yerdə - yataqda da, işdə də, cəmiyyət arasında da elədir. Bizim o “Kefli İskəndər” roluna girənlərimiz mətbəxi aşağılayırlar. Halbuki mətbəx çox ciddi yerdir. Biz ömrümüzün yarısından çoxunu mətbəxdə keçiririk. Qida insana təsir edən amildir, nə ilə qidalanırsansa, həyatını da elə yaşayırsan. Qidanın mənəviyyata, intellektə, ruha, təfəkkürə birbaşa təsiri var. Çox adam görmüşəm, mətbəxdə necədir, həyatda necə.  
 
 - Falçı bu məsələ ilə bağlı sizə nə dedi? 

 - Dedi, gələn il həyatınızda bir qadın görünür, ailə həyatı gözlənilir. Uğurlu il olacağını da dedi.  

 - Ən çox həyatda kimə ehtiyacınız var? Yəni kimin yanınızda olmasını istərdiniz? 

- Heç kimə ehtiyacım yoxdu, anamdan sonra heç kəsi itki hesab eləmirəm. 

- Allah rəhmət eləsin, ona aid şeirləriniz də var, birini oxuya bilərsinizmi

- Düzünü deyim, indi o ovqatda deyiləm...

- Burda bir şeiriniz də məni cəlb elədi...
- Yaxşı, verin, onu oxuyum: 
 
Torpaq insanı udanda qəbir olur,
 insan torpağı udanda - Şəhid.

İnsan bütün yerlərini qəbrə uduzur,
 Vətən bütün yerlərini şəhidə.

Bir də
bu dünyada hamı öz əcəliylə ölür,
 Şəhid hamının əcəliylə!

 
Söhbətləşdi: Afaq Mirayiq 
Foto-Video: Fərid Şabanov