“Böyüklər itaət, gənclər anlaşılmaq istəyir” – Neyropsixoloqdan cəmiyyətə mesaj - MÜSAHİBƏ - VİDEO

“Böyüklər itaət, gənclər anlaşılmaq istəyir” – Neyropsixoloqdan cəmiyyətə mesaj - MÜSAHİBƏ - VİDEO Müsahibə

Stress, narahatlıq, ailədaxili münasibətlər və sosial şəbəkələrin psixologiyamıza təsiri... Müasir dövrdə insanlar müxtəlif psixoloji çətinliklərlə üzləşirlər. Bəs hansı hallarda adi narahatlıq ciddi problemə çevrilir? Uşaqlıq travmaları gələcək həyatımıza necə təsir edir? Nəsillər arasındakı fikir ayrılıqlarının və gənclərdə panik atak hallarının səbəbi nədir?

News24.az xəbər verir ki, “Söz həkimdədir” rubrikasının bu dəfəki qonağı neyropsixoloq Aytəkin Aslanlıdır. Mütəxəssis psixoloji sağlamlığın qorunması və gündəlik həyatda qarşılaşdığımız çətinliklər və s. mövzularla bağlı fikirlərini bölüşüb:

- Aytəkin xanım, sizə daha çox hansı yaşdakı insanlar müraciət edir və onları əsas narahat edən səbəblər nələrdir?

- 14 illik fəaliyyətim ərzində 4 yaşdan 60 yaşadək insanların müraciətləri ilə qarşılaşmışam. Yaşından asılı olmayaraq, hər kəsin dinlənilməyə və anlaşılmağa ehtiyacı var.

Son illərdə uşaqlarla bağlı müraciətlər daha çoxdur. Əsasən davranış pozuntuları, diqqət problemləri, unutqanlıq və öyrənmə çətinlikləri ilə əlaqədar müraciətlər edilir.

Yeniyetmələrdə daha çox özünü tanıma və kimlik axtarışı, ailədaxili münasibətlərdə problemlər, aqressivlik və məktəbdə zorakılıq halları ilə bağlı çətinliklər müşahidə olunur.

Gənclərdə peşə seçimi və dəyişməsi, eləcə də münasibətlərlə bağlı problemlər ön plana çıxır. Yetkin yaş qrupunda isə ailədaxili münasibətlər və tükənmişlik sindromu son illərdə daha çox rast gəldiyim problemlərdəndir.

İmtahandır bu dünyanın dərd-səri...

- Son dövrlərdə insanların daim stress altında olduğunu görürük. İnsan hansı məqamda adi stress və narahatlığı psixoloji problem kimi qiymətləndirməli, mütəxəssisə müraciət etməlidir?

- Stress müəyyən həddə olduqda zərərli deyil. Məsələn, imtahan stressi insanı daha məsuliyyətli olmağa sövq edir. Yola çıxmazdan əvvəl yaşadığımız narahatlıq isə bizi hazırlıqlarımızı vaxtında görməyə təşviq edir. Həyatın müxtəlif sahələrində müəyyən qədər stress yaşamaq normaldır.

Lakin stress davamlı olduqda, yuxu pozuntularına, iştah dəyişikliklərinə səbəb olduqda, gündəlik həyata və ətrafımızdakı insanlarla münasibətlərə mənfi təsir göstərdikdə artıq diqqətli olmalıyıq. İnsan əvvəlki kimi olmadığını hiss edirsə, bu, ciddi siqnal ola bilər.

Bu gün yollardakı tıxaclar, təhsil prosesi, yeni proqramlara uyğunlaşmaq və mediada yayılan məlumatlar da stress mənbəyinə çevrilə bilər. Sadalanan əlamətlər təxminən iki həftə davam edərsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Hadisənin özündən böyük qorxusu

- Bəzən insanlar baş verməmiş hadisələrə görə də ciddi narahatlıq keçirirlər. Məsələn, zəlzələ olacağı ilə bağlı xəbər eşidirlər və hadisə baş verməsə belə, qorxu içində yaşayırlar. Bunun səbəbi nədir?

- İnsan tarix boyu qeyri-müəyyənlikdən qorxub. Bağlı qapının arxasında nə olduğunu bilməmək belə insanda stress yarada bilər. Qapı açıldıqdan və ya onu döyənin kimliyi məlum olduqdan sonra isə narahatlıq azalır.

Xüsusilə pandemiya dövründə məhdudiyyətlər, işlərin onlayn sistemə keçməsi və sərhədlərin nə vaxt açılacağı kimi suallar qeyri-müəyyənliyi artırırdı. Bu hiss insanlarda narahatlığa səbəb ola bilər.

Son dövrlərdə mediada yayılan başlıqlar da buna təsir göstərir. Məsələn, hər hansı ərazidə yanğın baş verməsi ilə bağlı xəbər yayılanda həmin ərazidə çalışan və yaşayan insanların ailə üzvləri ciddi narahatlıq keçirə bilərlər. Bəzən məlumatın təqdim edilmə forması hadisənin özündən daha böyük qorxu yaradır.

Neyropsixologiyada sözlərin insana təsiri xüsusi əhəmiyyət daşıyır. Sözlər vasitəsilə insanların özünəinamını gücləndirmək, həyat eşqini artırmaq mümkündür. Eyni zamanda, yanlış seçilmiş ifadələr də qorxu və narahatlıq yarada bilər.

Xüsusilə əvvəllər travmatik hadisə yaşamış insanlarda belə məlumatlar daha güclü təsir göstərə bilər.

Sosial şəbəkələrin “yalançı ördək” sindromu

- Sosial şəbəkələrdə insanlar başqalarının həyatını izləyir və özlərini onlarla müqayisə edirlər. Kiminsə daha yaxşı yaşadığını, daha çox qazandığını və ya daha xoşbəxt olduğunu görmək insana necə təsir edir?

- Sosial mediada gördüyümüz həyatın çox vaxt yalnız seçilmiş və redaktə olunmuş tərəfi nümayiş etdirilir. Biz bu vəziyyətə “yalançı ördək” sindromu deyirik. İnsanlar orada əsasən gözəl anlarını paylaşırlar. Biz isə həmin görüntüləri öz gündəlik həyatımızla müqayisə edirik.

Bunun nəticəsində insanda “Niyə mən belə deyiləm?”, “Məndə niyə yoxdur?”, “Mənim nəyim çatışmır?” kimi suallar yaranır. İnsan özünü tənqid etməyə, qınamağa başlayır.

Mən bunu belə ifadə edirəm: “insanlar öz mətbəxini başqalarının vitrini ilə müqayisə edirlər”. Başqasının həyatında görünən gözəlliklər insanın öz həyatını dəyərsiz hesab etməsinə səbəb ola bilər. Yəni bununla insan öz həyatına marağını itirir, sosial şəbəkələrdə gördüyü parlaqlıq həyatı üçün riskə çevrilir.

“Hər mənfi təcrübəyə travma demək doğru deyil”

- Son zamanlar ən çox eşitdiyimiz sözlərdən biri də “uşaqlıq travmaları”dır. Deyirlər, balacalıqda beynimizə iz salan psixoloji zədələr - ailədaxili münaqişələr, valideynlərlə münasibətlərdəki gərginliklər sonralar qurduğumuz münasibətlərə təsir edir...

- İnsan həyatının ilk addımları ailədə başlayır. Ailə uşağın ilk sosial mühitidir. Uşaq münasibət qurmağı, davranış qaydalarını və dünyanı ilk növbədə ailədə müşahidə edərək öyrənir. Bu gün psixoloqlara müraciət edən insanların bir çoxu yaşadıqları çətinlikləri ailədaxili münasibətlərlə və uşaqlıq travmaları ilə əlaqələndirirlər. Lakin hər bir mənfi təcrübəni travma kimi qiymətləndirmək düzgün deyil. Burada əsas məsələ uşağın ailə daxilində hansı münasibətlərlə qarşılaşması, psixoloji və ya fiziki təzyiqə məruz qalıb-qalmamasıdır. Əvvəlki dövrlərlə müqayisədə uşaqların davranışlarında və psixoloji vəziyyətində müşahidə olunan dəyişikliklər də bu məsələyə diqqəti artırır.

Ailədaxili münasibətlərdə psixoloji və ya fiziki təzyiqə məruz qalan uşaqlar gələcəkdə qorxular və özünəinam çatışmazlığı ilə üzləşə bilərlər. Bu hallar onların cəmiyyətdə öz fikirlərini sərbəst ifadə etməsinə, özlərini göstərməsinə və potensiallarını üzə çıxarmasına mane ola bilər.

Belə vəziyyətlər uzun müddət davam etdikdə və uşağa vaxtında dəstək göstərilmədikdə daha ciddi psixoloji problemlərin yaranma riski artır. Bu problemlər bəzi hallarda depressiyaya qədər gətirib çıxara bilər. Buna görə də ailədaxili münasibətlərin sağlam qurulması və uşağın psixoloji vəziyyətinə diqqət yetirilməsi olduqca vacibdir.

Filmlər, seriallar, ailədaxili münasibətlər...

- Son dövrlərdə qətl və zorakılıq hadisələri çox tez-tez gündəmə gəlir. İnsanları bu zorakılıqlara sövq edən əsas psixoloji amillər hansılardır?

- Bu, hazırda aktual mövzulardan biridir. Burada bioloji, sosial və psixoloji amillər rol oynaya bilər. Uşaqların oynadığı bəzi oyunlar, izlədikləri filmlər və seriallar, eləcə də ailədaxili münasibətlər onların davranışlarına təsir göstərir. Bəzən uşağın aqressiv davranışları ətrafdakılar tərəfindən ciddi qəbul edilmir. Onu sadəcə, sözə qulaq asmayan və başqaları ilə münasibət qurmaqda çətinlik çəkən uşaq kimi qiymətləndirirlər. Halbuki bu davranışların səbəblərini araşdırmaq vacibdir. Uşaq 6-8 yaşına qədər ailə üzvlərinin davranışlarını müşahidə edir və onları təqlid edə bilir. Ailədə idarə olunmayan aqressiya və fiziki zorakılıq varsa, uşaq həmin davranışları mənimsəyə bilər.

Bioloji amillər də nəzərə alınmalıdır. Aqressiv davranışlar müşahidə olunduqda mütəxəssisə müraciət etmək vacibdir.

Uşaqlarda mərhəmət və empati hissini inkişaf etdirmək də önəmlidir. Başqasının ağrısını, kədərini və hisslərini anlamağı öyrənən uşaq sağlam münasibətlər qurmağa daha çox meyilli olur.

“Böyüklər itaət, gənclər anlaşılmaq istəyir”

- Yaşlı nəsillə yeni nəsli arasında da müəyyən ziddiyyətlər müşahidə olunur. Məsələn, ictimai nəqliyyatda gəncin yerini yaşlıya verməməsi müzakirə yaradanda bir tərəf bunu hörmətsizlik, digər tərəf isə şəxsi seçim kimi qiymətləndirir. Nəsillər arasındakı bu fikir ayrılıqlarının səbəbi nədir?

- Son illərdə yeniyetmələrin müraciətlərində də nəsillərarası münasibətlərlə bağlı problemlərə rast gəlirik. Ailə böyükləri tez-tez “sizin yaşınızda belə deyildik” və ya “bizim kimi olun” deyirlər. Bu isə gənclərdə anlaşılmadıqları hissini yarada bilər.

Burada əsas ziddiyyət ondan ibarətdir ki, böyüklər itaət gözləyir, gənclər isə anlaşılmaq istəyirlər. Böyüklər öz təcrübələrini əsas götürür, yeni nəsil isə fərqli yaşamaq istəyir.

Əslində, hər iki tərəfin özünə görə haqlı olduğu məqamlar var. Əsas məsələ bir-birini dinləmək və anlamaqdır. Valideyn olmaq, ilk növbədə, övladını dinləməyi bacarmaqdır. Böyüklük isə insanlara anlayışla yanaşmaqdır.

Böyüklər nəzərə almalıdırlar ki, indiki uşaqların böyüdüyü sosial, psixoloji və texnoloji mühit əvvəlki dövrlərdən fərqlənir. Buna görə də uşaqların davranışlarını yalnız keçmişdəki təcrübələr əsasında qiymətləndirmək düzgün deyil. Onları dinləmək və anlamağa çalışmaq lazımdır. Hər şey böyüklərin tərəzisi ilə ölçülmür.

Digər tərəfdən, uşaqlar da ailə qaydalarına əməl etməli, böyüklərin təcrübəsindən yararlanmağı bacarmalıdırlar. Keçmişin təcrübəsi gələcəyin formalaşmasında mühüm rol oynayır. Nəsillər bir-birini dinlədikdə və qarşılıqlı anlayış göstərdikdə münasibətlər daha sağlam olur.

“Panik atak”lı gənclik

- Gənclər arasında panik atakla bağlı müraciətlər də artıb. Yaşlı nəsil buna da “bizim vaxtımızda belə şeylər yox idi” deyir. Ümumiyyətlə, bu “panik atak” nədir və hansı əlamətlərlə özünü göstərir?

- “Panik atak” zamanı insan orqanizmi təhlükəyə qarşı güclü reaksiya verir. Bu zaman ürək döyüntüsü sürətlənə, tərləmə yarana, əllər soyuya, bədəndə gücsüzlük hiss oluna bilər. İnsan hətta özündən gedəcəyini və ya başına pis bir hadisə gələcəyini düşünə bilər.

Belə hallarda ilkin psixoloji dəstək kimi insanın diqqətini ətrafına yönəltmək, gördüyü əşyaları və rəngləri saymaq, nəfəs texnikalarından istifadə etmək faydalı ola bilər.

İnsan özünə xatırlatmalıdır ki, əvvəllər də belə hisslər yaşayıbsa və həmin hal keçibsə, indiki vəziyyət də keçə bilər. Bununla belə, “panik atak” təkrarlanırsa və gündəlik həyata mane olursa, mütəxəssisə müraciət etmək lazımdır.

Bəzən insanlar sağlamlıqları ilə bağlı həddindən artıq narahat olur, internetdə davamlı olaraq xəstəlik əlamətlərini axtarır, dəfələrlə müayinədən keçsələr də rahatlıq tapa bilmirlər. Bu vəziyyət sağlamlıqla bağlı güclü narahatlıqla əlaqəli ola bilər.

“Panik atak” vaxtında qiymətləndirilmədikdə insan müəyyən məkanlardan, insanlardan və ya vəziyyətlərdən çəkinməyə başlaya bilər. Bu da onun sosial həyatına və ailə münasibətlərinə mənfi təsir göstərə bilər.

TikTok “uzman”ı, ilə peşəkarın fərqi...

- Sosial şəbəkələrdə özünü psixoloq kimi təqdim edən insanların sayı günbəgün artır. Belələrinin sosial şəbəkədə izləyiciləri də həddən artıq çoxdur. Çoxu onların TikTok “uzmanı” olduğunu anlamır...

- Əsas məsələ mütəxəssisin təhsili, təcrübəsi, fəaliyyət göstərdiyi sahə və tətbiq etdiyi metodlardır. Bu, təkcə psixoloqlara deyil, həkimlərə, repetitorlara və digər sahələrin mütəxəssislərinə də aiddir.

Bəzən insanlar gördükləri ilə həqiqəti bir-birindən ayırmaqda çətinlik çəkirlər. Halbuki hər bir mütəxəssis öz sahəsində kifayət qədər bilik və təcrübə qazanmalıdır. Peşəkarlığın formalaşması üçün uzunmüddətli çalışma və davamlı inkişaf vacibdir.

Sosial media mütəxəssisləri tanımaq üçün müəyyən imkanlar yaradır. İnsanlar onların ünsiyyət tərzinə, davranışına və paylaşdıqları məlumatlara nəzər sala bilərlər. Amma izləyici sayına və sosial şəbəkədəki rəylərə əsaslanaraq seçim etmək düzgün deyil.

Peşəkar mütəxəssis seçərkən onun təhsilini, ixtisaslaşdığı sahəni və təcrübəsini araşdırmaq vacibdir. İnsan müraciət etdiyi mütəxəssisin hansı sahədə fəaliyyət göstərdiyini və ona necə kömək edə biləcəyini araşdırmalıdır.

“Keçib gedər deməyin, mütəxəssisə müraciət edin!”

- Bəzən insanlar psixoloji çətinlik yaşadıqlarını hiss etsələr də, bunu “keçib gedər” deyə ciddiyə almırlar. İnsan hansı halda, hansı əlamətə görə mütəxəssisə üz tutmalıdır?

- İnsan əvvəlki vəziyyəti ilə indiki vəziyyəti arasında ciddi fərq hiss edirsə, özünə sual verməlidir. Məsələn, əvvəl zövq aldığı işlərdən artıq həzz almırsa, dostları ilə vaxt keçirmək istəmirsə, iştahında və yuxu rejimində dəyişiklik yaranıbsa, özünü daha çox təcrid edirsə və ya emosiyalarını idarə etməkdə çətinlik çəkirsə, bu əlamətlərə diqqət yetirməlidir.

İlk növbədə, bu dəyişikliklərin nə qədər müddətdir davam etdiyini müəyyənləşdirmək vacibdir. Əlamətlər təxminən iki həftə davam edirsə və gündəlik həyata təsir göstərirsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Vəziyyətə uyğun olaraq klinik psixoloq, psixiatr və ya digər müvafiq mütəxəssisdən dəstək almaq mümkündür. Əsas məqsəd insanın itirdiyi maraq və zövqü bərpa etməsinə, həyat keyfiyyətinin yaxşılaşmasına kömək etməkdir.