"Ən yaxşı futbolçu Şahruddindir, dostlarım isə..." - Patrik Andrade ilə MÜSAHİBƏ

"Ən yaxşı futbolçu Şahruddindir, dostlarım isə..." - Patrik Andrade ilə MÜSAHİBƏ Müsahibə

Bu dəfəki müsahibəmiz Afrikanın qərb sahillərindən çıxıb Azərbaycanda futbol karyerasına davam edən Patrik Andradedir. O, uşaqlıq arzularından, “Qarabağ” və “Araz-Naxçıvan” klublarında keçirdiyi dönəmlərdən, Azərbaycan mətbəxindən və azarkeşlərin dəstəyindən danışıb. Həmçinin yaxın dostlarından, futbol hədəflərindən və ölkəmizdəki təəssüratlarından söz açıb.

News24.az Patrik Andrade ilə müsahibəni təqdim edir:

– Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Necəsiniz, özünüzü necə hiss edirsiniz?

– Yaxşı hiss edirəm.

– Patrik, bizə futbol karyeranızın necə başladığından danışmağınızı istərdik. Bu, uşaqlıq arzunuz idi?

– Bəli, bu mənim uşaqlıq arzum idi və arzuma çatmışam. Hazırda da futbol karyeramı davam etdirirəm.

– Siz Afrikanın qərb sahillərində, Azərbaycandan çox uzaqda doğulmusunuz. Bəs necə oldu ki, ölkəmizə gəldiniz?

– O vaxt Bolqarıstanda oynayırdım. “Qarabağ” komandası mənim oyunlarımı izləyirdi. Oyundan sonra mənə komandaya qoşulmaq təklifi göndərdilər. Mən də təklifi qəbul edib Bakıya gəldim.

– Bu yaxınlarda “Araz-Naxçıvan” futbol klubuna transfer olundunuz. “Qarabağ”dan ayrılmaq qərarını necə verdiniz?

– “Qarabağ”da oynadığım vaxt “Araz-Naxçıvan”ın baş məşqçisi məni yaxından izləyirdi. Bir müddət sonra mənə zəng edərək müsbət fikirlərini bildirdi və gələcəkdə məni komandasında görmək istədiyini dedi. Daha sonra Qara Qarayev də mənə zəng etdi və klubla bağlı danışdıq. Nəticədə razılaşdım və “Araz-Naxçıvan”a keçdim.

– “Araz-Naxçıvan” sizi necə qarşıladı?

– Kluba ilk gələndə məni çox yaxşı qarşıladılar. Hər şey əla idi.

– Görünür, bu keçiddə Qara Qarayevin rolu böyük olub. Onunla dostluğunuz nə vaxtdan başlayıb?

– Qaranı “Qarabağ” klubuna keçəndən tanıyıram. Onunla iki il bir komandada oynamışıq. Bu müddət ərzində aramızda çox yaxşı dostluq formalaşdı. “Araz-Naxçıvan”a keçəndən sonra da münasibətlərimiz davam edir. Hazırda çox yaxın dostuq.

– Azərbaycanda yaşadığınız müddətdə ölkəmizi gəzmək imkanınız olubmu?

– Azərbaycan mənim evim kimidir. Burada özümü doğma mühitdə hiss edirəm. Ümid edirəm ki, ölkənizdə daha çox vaxt keçirə biləcəyəm.

– Ən çox hansı yerləri ziyarət etməyi sevirsiniz?

– İndiyədək yalnız Qəbələyə səfər etmişəm. Düzünü desəm, sadəcə ora getmək imkanım olub. Qəbələ çox gözəl yerdir, oranı çox bəyənirəm.

– Maraqlıdır, sonuncu dəfə azarkeş kimi stadionda futbol oyununa nə vaxt baxmısınız?

– Sonuncu dəfə “Zirə”nin Konfrans Liqasındakı oyunlarını izləmişəm. O zaman “Şerif” və “Omoniya” klubları ilə qarşılaşırdılar. Ən son izlədiyim oyunlar bunlardır.

– Yerli azarkeşlərin dəstəyi sizə necə təsir edir?

– Azarkeşlərimizin dəstəyi bizim üçün çox önəmlidir. Küçədə və ya başqa yerdə bizi görəndə yaxınlaşıb şəkil çəkdirmək istəyirlər. Bu münasibət bizim üçün çox dəyərlidir.

– Azərbaycan dilində danışırsınızmı? Ən çox hansı sözləri işlədirsiniz?

– Komanda yoldaşlarımla ünsiyyət zamanı bəzi Azərbaycan sözlərindən istifadə edirəm. “salam”, “necəsən”, “sağ ol”, “yaxşıyam”, “sən necəsən” kimi ifadələri gündəlik tez-tez işlədirəm.

– Azərbaycan mətbəxini necə qiymətləndirirsiniz? Hansı yeməkləri daha çox sevirsiniz?

– Azərbaycan mətbəxini çox sevirəm. Yeməklərin adlarını tam yadda saxlamamışam, amma ən çox səhər yeməyini xoşlayıram.

– Səhər yeməyi dedikdə konkret hansı yeməkləri nəzərdə tutursunuz?

– Səhər yeməyində yumurta-pomidor və pendiri çox sevirəm. Xüsusilə də sizin çayınızın dadını bəyənirəm.

– Bizdə Lənkəran bölgəsinə məxsus xüsusi çay növü var. Heç o çaydan dadmısınızmı?

– “Qarabağ”da oynayanda tez-tez o çaydan gətirirdilər. Düzü, dəqiq yadımda deyil, amma dadı çox gözəl idi.

– Futbol karyeranızda əsas hədəfiniz nədir?

– Avropa Liqasında, Konfrans Liqasında və Afrika Millətlər Kubokunda oynamışam. Deyə bilərəm ki, futbol karyeramda qarşıma qoyduğum hədəflərin çoxuna çatmışam.

– Dünyada ən çox bəyəndiyiniz futbolçu kimdir? Hansı Azərbaycan futbolçusunu bəyənirsiniz?

– Mənim üçün dünyanın ən yaxşı futbolçusu Messidir. Azərbaycanda isə… (gülür) Bu, bir az çətin sualdır. Amma mənim üçün ən yaxşı futbolçu Şahruddindir. Düzdür, o, hər kəsin ideal futbolçusu sayılmır. Bəzən bəxti gətirmir, amma mənim üçün o, ən yaxşısıdır.

– Hazırda sizə ən yaxın olan futbolçular kimlərdir?

– Sadəcə bir nəfərin adını çəkmək çətindir, çünki çox dostum var. Şahruddin Məmmədəliyev, Maksim Medvedev, Qara Qarayev, Bəhlul Mustafazadə, Toral Bayramov… Yəni yaxın olduğum oyunçular bir deyil, çoxdur.

– Bilirsiniz ki, “Qarabağ” hazırda Çempionlar Liqasında çıxış edir. Tezliklə “Çelsi” ilə oyun olacaq. Bu matçdan nələr gözləyirsiniz?

– Fikrimcə, çox maraqlı və gərgin oyun olacaq. “Qarabağ”ın hazırda bir sıra üstünlükləri var və artıq Çempionlar Liqasında 6 xal qazanıblar. Bu, həm onlar, həm də Azərbaycan üçün böyük uğurdur.

– Oyunla bağlı hesab təxmininizi bölüşə bilərsinizmi?

– Dəqiq nəticə demək çətindir. Amma ümid edirəm ki, “Qarabağ” qalib gələcək və Azərbaycan azarkeşlərini sevindirməyə davam edəcək.

– Çox sağ olun, Patrik. Müsahibə təklifimizi qəbul etdiyiniz və dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik.

"Ən yaxşı futbolçu Şahruddindir, dostlarım isə..." - Patrik Andrade ilə MÜSAHİBƏ