40 yaşdan sonra bu qidaları pəhrizdən çıxarmaq lazımdır

40 yaşdan sonra bu qidaları pəhrizdən çıxarmaq lazımdır Sağlamlıq

İnsan orqanizmi 40 yaşdan sonra əhəmiyyətli dərəcədə dəyişir. Bu dövrdə maddələr mübadiləsi və xolesterinin emalı yavaşlayır, ürək-damar xəstəliklərinin riski artır, sümüklər isə daha kövrək olur. Buna görə də bu yaşdan sonra bəzi məhsulların rasiondan çıxarılması məqsədəuyğundur. 

News24.az
xəbər verir ki, bu barədə həkim-diyetoloq Mariyat Muxina RT-yə bildirib.

İlk növbədə o, şəkərli içkilərdən və şəkərli konfetlərdən imtina etməyi tövsiyə edib. Həkim sürətli karbohidratların qəbulunu gündə 30-40 qrama qədər azaltmağın vacib olduğunu qeyd edib.

“Yəni bu, əsasən meyvələrdən alınan karbohidratlardır. Daha sonra qlükozaya sürətlə çevrilən ağ çörəkdən imtina etmək lazımdır. Bu mərhələdə tam taxıllı alternativlərə üstünlük vermək daha yaxşıdır”, deyə həkim məsləhət görüb.

Diyetoloq zərərli məhsullar arasında ikinci yerdə transyağları olan qidaları göstərib. Bunlara un məmulatları, çipslər, fastfud və kanserogen maddələr ehtiva edən digər məhsullar daxildir. Onun sözlərinə görə, 40 yaşdan sonra insanın immun sistemi bədxassəli hüceyrələri müəyyən etmək qabiliyyətini daha zəif yerinə yetirməyə başlayır.

Bundan əlavə, diyetoloq yağlı ət və tərkibində çoxlu duz, qlutamat və yağ olan ət məhsullarından imtina etməyi tövsiyə edib. Onun fikrincə, bu məhsullar xolesterinin orqanizmdə toplanmasına səbəb ola bilər.

Həkim sousların, konservlərin və ketçupun qəbulunu azaltmağı, alkoqoldan isə tamamilə imtina etməyi məsləhət görüb.

Mütəxəssis rasionda quş əti, tərəvəz, meyvə, balıq, paxlalılar və turşuya qoyulmuş məhsullara daha çox yer ayırmağı tövsiyə edib. (demokrat.az)