Adil Qeybulla: "Ölkədə qrip pandemiyası baş verə bilər"

Adil Qeybulla: "Ölkədə qrip pandemiyası baş verə bilər" Sağlamlıq

Xəbər verdiyimiz kimi, Azərbaycanda əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəyə qripə qarşı vaksinlər gətirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur.

Maraqlıdır, bəs bu vaksinlər qripə yoluxma riskini tamamilə aradan qaldırırmı? Vaksin vurdurmazdan əvvəl nələrə diqqət yetirməliyik?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən səhiyyə üzrə ekspert Adil Qeybulla qeyd edib ki, qrip virusu ribonuklein turşusundan (RNT) ibarət genetik material daşıyır: “Bu səbəbdən həmin viruslar mutasiyaya meyilli olur. Hər il virus yeni bir formada özünü göstərir. Buna görə də nə vaxtsa ölkədə qrip pandemiyasının baş verməsi gözlənilir.

Qrip vaksini, əlbəttə ki, qripə yoluxma riskini tamamilə aradan qaldıra bilməz. Çünki qrip virusunun hər bir forması yenidir. Hal-hazırda olan vaksinlər bir il öncədən olan qrip viruslarına uyğun hesablanıb. Yeni peyda olan virusun vaksini hələ yoxdur”.

Ekspert qrip virusuna qarşı olan vaksinin əhəmiyyəti barəsində də danışıb: “Vaksin virusa qarşı qorunmağa əhəmiyyətli dərəcədə kömək edir. Hətta insan qripə yoluxsa belə, vaksin xəstəliyin daha yüngül keçməsinə və sağalma müddətinin qısalmasına şərait yarada bilər. Eyni zamanda, immun sistemini virusa qarşı mübarizəyə hazırlayır.

Qrip vaksininin yan təsirlərinə gəlincə, keçmişdə, ABŞ-də donuz qripinə qarşı vaksinasiya ilə əlaqəli bəzi hallarda nevroloji fəsadlar, o cümlədən Giyen-Barre sindromu və radikulonevropatiya əlamətləri qeydə alınıb. Lakin bu cür hallar nadir hesab olunur.

Vaksinlər immun sistemini aktivləşdirərək orqanizmdə virusa qarşı anticisimlərin yaranmasına səbəb olur. Vaksinin növündən asılı olaraq, onun tərkibində zəiflədilmiş virus və ya virusun müəyyən komponentləri ola bilər. Bu maddələr immun sistemini virusa qarşı müdafiə yaratmağa hazırlayır”.

Adil Qeybulla vaksin vurmamışdan öncə nələrə diqqət etməli olduğumuzu da xüsusi vurğulayıb. O bildirib ki, vaksin vurdurmazdan əvvəl şəxsin anamnezi nəzərdən keçirilməli, əvvəllər anafilaktik reaksiya və ya digər ciddi allergik reaksiyaların, onkoloji problemlərin olub-olmadığı araşdırılmalıdır: “Həmçinin yanaşı xəstəliklər və digər sağlamlıq vəziyyətləri nəzərə alınmalıdır.

Ümumiyyətlə vaksinin prinsipial əks-göstərişləri yoxdur. Xüsusilə qripə qarşı vaksinasiyanın məqsədəuyğun olduğunu düşünürəm.

Hətta, qripə qarşı vaksinasiya bir sıra ölkələrin milli peyvənd proqramlarına daxil edilib. Buna görə də, qrip vaksininin vurulmasında bir problem yoxdur”.