Alimlərdən xəbərdarlıq: növbəti üç gün çətin keçə bilər

Alimlərdən xəbərdarlıq: növbəti üç gün çətin keçə bilər Sağlamlıq

Yer kürəsində başlayan maqnit qasırğasının təsirinin iyulun ilk günlərində də davam edəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, həftəsonu Günəş küləyinin sürəti normallaşsa da, iyunun 29-da yeni maqnit qasırğası başlayıb. İyunun 26-da qeydə alınan tac kütləsinin mürəkkəb atılması (CME) bu gün Yerə çatacaq və geomaqnit aktivliyini daha da artıracaq.

Proqnoza əsasən, iyulun 1-i və 2-də maqnit qasırğası zaman-zaman G2 (orta güclü) səviyyəsinə çatacaq.

Mütəxəssislər bildirirlər ki, G2 səviyyəli maqnit qasırğası peyklərin, radio rabitəsinin və bəzi enerji sistemlərinin işinə təsir göstərə bilər. Həmçinin meteohəssas insanlarda baş ağrısı, halsızlıq, yuxululuq, əsəbilik və arterial təzyiqdə dəyişikliklər müşahidə oluna bilər. Xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə diqqətli olmaq tövsiyə edilir.

Geomaqnit aktivliyi dövrünü daha rahat keçirmək üçün kifayət qədər yatmaq, bol su içmək, ağır fiziki yüklənmədən çəkinmək, kofein və alkoqol qəbulunu azaltmaq, həmçinin açıq havada daha çox vaxt keçirmək məsləhət görülür.