Arı sancmalarına qarşı XƏBƏRDARLIQ – İlk olaraq bunu edin!
Sağlamlıq
Yay aylarında tez-tez rast gəlinən hallardan biri də arı sancmasıdır. Arı sancması zamanı ağrı, qızartı və şişkinlik kimi əlamətlər müşahidə oluna bilər. Bəzi insanlarda isə arı zəhərinə qarşı allergik reaksiya yarana və tənəffüs çətinliyi baş verə bilər.
News24.az xəbər verir ki, arı sancması zamanı ilk növbədə dəridə qalan iynə mümkün qədər tez çıxarılmalıdır. Daha sonra sancılan nahiyə sabun və soyuq su ilə yuyulmalı, həmin yerə buz tətbiq edilməlidir. Soyuq tətbiqi şişkinliyin və narahatlığın azalmasına kömək edə bilər.
Arı sancmasından sonra ağrı adətən ilk 1-3 saat ərzində daha güclü olur. Şişkinlik 2-7 gün, qızartı isə bir həftəyədək davam edə bilər.
Mütəxəssislərin tövsiyəsinə əsasən, simptomların yüngülləşdirilməsi üçün uyğun antihistamin və ağrıkəsici preparatlardan istifadə oluna bilər. Lakin xüsusilə tənəffüs çətinliyi, üz və boğaz nahiyəsində şişkinlik kimi ciddi allergik əlamətlər yarandıqda təcili tibbi yardım çağırılmalıdır./Yeni sabah