Arıqlama dərmanları psoriazı da sağaldır? - Gözlənilməz nəticə
Sağlamlıq
Arıqlama və diabetin müalicəsində istifadə olunan bəzi dərmanların gözlənilməz faydası aşkarlanıb.
News24.az xəbər verir ki, Vrotslav Tibb Universitetinin alimləri GLP-1 reseptor agonistlərinin təkcə qan şəkərini və bədən çəkisini tənzimləmədiyini, onların həm də iltihabi dəri xəstəliklərinin müalicəsində faydalı ola biləcəyini müəyyən ediblər. Araşdırmanın nəticələri "Pharmaceutics" elmi jurnalında dərc olunub.
Tədqiqat zamanı həkimlər maraqlı bir məqama diqqət yetiriblər. Piylənmə və ya 2-ci tip diabet səbəbindən bu dərmanları qəbul edən bəzi xəstələrdə psoriazın əlamətləri nəzərəçarpacaq dərəcədə azalıb.
Araşdırmalar göstərib ki, GLP-1 reseptorları yalnız həzm sistemi ilə əlaqəli orqanlarda deyil, immun sisteminin hüceyrələrində də mövcuddur. Bu isə dərmanların immun reaksiyasına təsir edərək orqanizmdəki iltihabı azaltmaq potensialına malik olduğunu göstərir.
Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə psoriaz və digər iltihabi dəri xəstəliklərinin müalicəsində yeni imkanlar yarada bilər.