Arıqlamaq istəyənlərin diqqətinə! - Zərərli imiş...

Arıqlamaq istəyənlərin diqqətinə! - Zərərli imiş... Sağlamlıq

Amerikalı alimlərin apardığı yeni araşdırma yağ toxuması ilə bağlı uzun illər formalaşan fikirləri dəyişib.

News24.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, orqanizmdə yalnız artıq yağın toplanması deyil, müəyyən yağ toxumalarının itirilməsi də diabet, yağlı qaraciyər xəstəliyi və digər ciddi metabolik pozğunluqların yaranmasına səbəb ola bilər.

"Medical Xpress" jurnalında dərc olunan araşdırmada Miçiqan Universitetinin mütəxəssisləri nadir irsi xəstəlik olan lipodistrofiya tip 2-ni (FPLD2) tədqiq ediblər. Bu xəstəlik zamanı insanın dərialtı yağ təbəqəsi tədricən azalır və zamanla demək olar ki, yox olur.

Alimlər müəyyən ediblər ki, yağ toxumasını itirmələrinə baxmayaraq, bu xəstələrdə yağlı qaraciyər, insulin müqaviməti və 2-ci tip diabet kimi ağır metabolik problemlər daha tez-tez müşahidə olunur.

Tədqiqatın müəllifi, professor Elif Oral bildirib ki, 2-ci tip diabet xəstəliyi əsasən mədəaltı vəzinin beta hüceyrələrinin xəstəliyi kimi qiymətləndirilsə də, əldə olunan nəticələr yağ toxumasının azalmasının da bu prosesdə həlledici rol oynadığını göstərir.