Arıqlamaq üçün edilən bu üsul risklidir – Professor xəbərdarlıq etdi

Arıqlamaq üçün edilən bu üsul risklidir – Professor xəbərdarlıq etdi Sağlamlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratların kəskin şəkildə rasiondan çıxarılması halsızlıq, baş ağrısı, əsəbilik, diqqət dağınıqlığı və digər sağlamlıq problemləri ilə nəticələnə bilir.

Karbohidratları rasiondan tamamilə çıxarmaq sağlamlıq üçün təhlükəlidirmi? Bu hal orqanizmdə hansı problemlərə səbəb ola bilər?

News24.az
-ın xəbərinə görə, tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, karbohidratlar gündəlik qəbul etdiyimiz bir çox qidanın tərkibində var:

“Hətta ayrıca karbohidratlı məhsullar qəbul etməsək belə, şirin qidalar və digər qida məhsulları vasitəsilə bədənə kifayət qədər, bəzən isə həddindən artıq miqdarda karbohidrat daxil olur. Ona görə də karbohidratların mümkün qədər məhdudlaşdırılması vacibdir. Çünki artıq miqdarda qəbul edilən karbohidratlar orqanizm üçün əlavə yük yarada bilər. Onlar bədəndə enerji ehtiyatı kimi depolaşa, artıq qəbul edildikdə isə çəki artımına, metabolik pozuntulara və uzunmüddətli perspektivdə şəkərli diabet kimi problemlərin yaranmasına zəmin yarada bilər”.

Adil Qeybulla vurğulayıb ki, yüksək miqdarda karbohidrat qəbuluna ehtiyac daha çox ciddi fiziki fəaliyyət göstərən insanlarda özünü göstərə bilər:

“Lakin hazırda insanların əksəriyyətinin gündəlik fiziki aktivliyi əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Hərəkətsiz həyat tərzi, oturaq iş və fiziki aktivliyin kifayət qədər olmaması nəticəsində qəbul edilən artıq kalorilər bədəndə sərf olunmadan qala bilər. Bu baxımdan, rasionda karbohidratların miqdarına nə qədər diqqət etsək və xüsusilə artıq karbohidrat qəbulunu nə qədər azaltsaq, sağlamlığımızın qorunmasına bir o qədər töhfə vermiş olarıq. Əsas məsələ isə karbohidratları tamamilə qidadan çıxarmaq deyil, onların miqdarını və mənbəyini düzgün seçməkdir”.