Axşam yeməyində nələrdən uzaq durmaq lazımdır? – Şəkər yüksəldən 3 yemək

Axşam yeməyində nələrdən uzaq durmaq lazımdır? – Şəkər yüksəldən 3 yemək Sağlamlıq

Axşam saatlarında istehlak etdiyimiz bəzi yeməklər qanda şəkərin səviyyəsini şirniyyatlardan, hətta tortdan daha çox yüksəldə bilər. Dietoloqlar bu məhsulların boşqabda yer almamasını tövsiyə edirlər. 

News24.az
xəbər verir ki, bu barədə “Verywell Health” yazır.

Ağ çörək

Birinci növbədə ağ çörək, həmçinin simit, bulkalar və rulet kimi un məmulatları qeyd olunur. Sertifikatlı diyetoloq Dolores Vudsun sözlərinə görə, bu məhsullar qanda şəkərin səviyyəsini yüksəltməyin ən asan yollarından biridir.

“Onlar sürətlə qlükozaya parçalanan təmizlənmiş taxıllardan hazırlanır. Bu da qanda şəkərin səviyyəsinin sürətlə və əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olur”, deyə mütəxəssis izah edib.

Tam taxıldan fərqli olaraq, əksər un məmulatlarının hazırlanmasında istifadə olunan təmizlənmiş taxıllar qida dəyərinin əhəmiyyətli hissəsindən məhrum olur. “Nutrients” jurnalında dərc olunan araşdırmaya görə, bu cür çörək məmulatlarında qanda şəkərin səviyyəsinin tənzimlənməsi üçün vacib olan lif də olmur.

Diyetoloq ağ çörək əvəzinə 100 faiz tam taxıldan hazırlanan məhsullara üstünlük verməyi məsləhət görür.

“Bu məhsullarda daha çox lif var. Lif karbohidratların həzmini və qlükozanın mənimsənilməsini ləngidir. Nəticədə qanda şəkərin səviyyəsi daha tədricən və daha az kəskin yüksəlir”, deyə Vuds bildirib.

Magistr dərəcəli və diplomlu həkim Amanda Soseda isə ağ çörəyə alternativ olaraq salatdan istifadə etməyi təklif edir.

“Bəzi hallarda karbohidrat qəbulunu azaltmaq və rasiona bir qədər tərəvəz əlavə etmək üçün əvvəlcə salat yeməyi çox sevirəm”, deyə o bildirib.

Makaron

Axşam yeməyində məhdudlaşdırılması tövsiyə olunan ikinci məhsul makarondur. O da yemək zamanı qanda şəkərin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər.

“Eynilə ağ çörək kimi, bu təmizlənmiş karbohidratlar da sürətlə mənimsənilir, qlükozanı dərhal orqanizmə buraxır və qanda şəkərin səviyyəsini yüksəldir”, deyə Vuds bildirib.

Vudsun sözlərinə görə, qəhvəyi düyü və ya kinoa kimi tam taxıllı məhsullardan hazırlanan makaronlarda həm lif, həm də mürəkkəb karbohidratlar var. Buna görə onların qanda şəkərin səviyyəsinə təsiri daha az kəskin olur.

Soseda isə makaron əvəzinə mərcimək və ağ lobya kimi paxlalılara üstünlük verməyi məsləhət görür. Araşdırmalara görə, bu məhsullar daha yavaş parçalanır.

Şirin içkilər

Qazlı içkilər və meyvə şirələri kimi müxtəlif şirin içkilər də qanda şəkərin səviyyəsini kəskin şəkildə yüksəldə bilər.

“Bu içkilərin tərkibində yüksək miqdarda sadə şəkərlər var. Onlar demək olar ki, dərhal qana sorulur və qanda şəkərin səviyyəsinin çox sürətli, əksər hallarda isə yüksək həddə qalxmasına səbəb olur”, deyə Vuds xəbərdarlıq edib.

“Journal of Nutrition” jurnalında dərc olunan araşdırma göstərib ki, şirin içkilərin tez-tez istehlakı insulin müqaviməti və prediabet inkişafı riskini artıra bilər.

Diyetoloq bu içkiləri limonlu su və ya şəkərsiz çayla əvəz etməyi təklif edir.

“Bu içkilərin tərkibində əlavə şəkər yoxdur və bu da qanda şəkərin birbaşa kəskin yüksəlməsinin qarşısını alır”, deyə o bildirib.

Yemək zamanı qanda şəkərin səviyyəsini necə qorumaq olar?

Sosedanın sözlərinə görə, karbohidratlar əslində zərərli deyil. Onlar orqanizmin əsas enerji mənbəyidir. Lakin axşam yeməyinin digər qida maddələrindən daha çox karbohidratlardan ibarət olması məqsədəuyğun deyil.

O əlavə edib ki, karbohidratlı axşam yeməyinə ən azı 20 qram zülal əlavə etmək lazımdır. Bu, qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. (demokrat.az)