Axşam yeməyini bu saatlarda yeyin – Diyetoloqlar ideal vaxtı açıqladı

Axşam yeməyini bu saatlarda yeyin – Diyetoloqlar ideal vaxtı açıqladı Sağlamlıq

Axşam yeməyinin hansı saatda yeyilməsi sağlamlığa, yuxunun keyfiyyətinə və hətta çəkiyə təsir göstərə bilər. Diyetoloqlar hesab edirlər ki, yeməyin tərkibi qədər onun vaxtı da əhəmiyyət daşıyır.

News24.az xəbər verir ki, bu barədə “Prevention” nəşri dietoloqlara istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, axşam yeməyi üçün ən ideal vaxt 17:00-19:00 aralığıdır. Bununla yanaşı, yeməyin yatmazdan 2-3 saat əvvəl qəbul edilməsi həzmi yaxşılaşdırır, yuxunun keyfiyyətini artırır və qanda şəkərin səviyyəsini sabit saxlamağa kömək edir.

Diyetoloqlar bildirirlər ki, axşam yeməyini həddindən artıq erkən yemək də məsləhət görülmür. Çünki ac halda yatmaq yuxunun keyfiyyətini pisləşdirə bilər.

Araşdırmalara əsasən, erkən axşam yeməyi arıqlamağa da kömək edə bilər. “Cell Metabolism” jurnalında dərc olunan tədqiqat göstərib ki, saat 17:00-da axşam yeməyi yeyən insanlar gec yemək yeyənlərlə müqayisədə gün ərzində təxminən 60 kalori daha çox yandırıblar. Bundan başqa, gec yemək yeyən iştirakçılarda aclıq hissi daha güclü olub və yağın toplanması prosesi fərqli şəkildə baş verib.

Əgər axşam yeməyindən sonra yenidən aclıq hissi yaranarsa, diyetoloqlar yuxuya mənfi təsir göstərməyəcək yüngül və sağlam qəlyanaltılara üstünlük verməyi tövsiyə edirlər.

Mütəxəssislər onu da bildirirlər ki, sağlam insanlarda arabir axşam yeməyini buraxmaq ciddi problem yaratmasa da, bunun vərdiş halına çevrilməsi aclıq hissinin artmasına, enerji çatışmazlığına, diqqətin zəifləməsinə və orqanizmin zülal, lif, vitamin və mineral ehtiyaclarının tam ödənilməməsinə səbəb ola bilər.