Azərbaycana qripə qarşı vaksinlər gətirildi - RƏSMİ
Sağlamlıq
Azərbaycanda əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəyə qripə qarşı vaksinlər gətirilib.
Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur.
Səhiyyə nazirinin "2026–2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə" əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiyaya oktyabrın 21-dən başlanılması nəzərdə tutulur.
Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı profilaktik tədbirlərə əməl etməyə, o cümlədən vaksinasiya prosesində fəal iştirak etməyə çağırır.
Vurğulanıb ki, qripə qarşı vaksinasiya ödənişsiz həyata keçirilir və vətəndaşların yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.