Bağırsaq sağlamlığı üçün ən faydalı konserv qidalar məlum oldu
Sağlamlıq
Lif (sellüloza) həzm sisteminin sağlamlığının qorunmasında, qanda şəkərin səviyyəsinin tənzimlənməsində və uzun müddət toxluq hissinin yaranmasında mühüm rol oynayır.
News24.az xəbər verir ki, diyetoloqlar lif qəbulunu asanlıqla artırmaq üçün evdə saxlanılması tövsiyə olunan konserv məhsulların siyahısını açıqlayıblar. Onların sözlərinə görə, ən yaxşı seçimlərdən biri noxuddur. Bir stəkan noxudun tərkibində təxminən 10 qram lif var. Noxudu salatlara, şorbalara əlavə etmək və ya ev şəraitində humus hazırlamaq üçün istifadə etmək olar.
Faydalı məhsullar sırasında ağ lobya da yer alır. Bu məhsulun yarım stəkanı orqanizmi 8 qram liflə təmin edir. Yumşaq dadına görə o, tez-tez makaron souslarına, şorbalara və tərəvəz yeməklərinə əlavə olunur.
Siyahıya yaşıl noxud da daxil edilib. Kiçik ölçüsünə baxmayaraq, bir stəkan yaşıl noxudun tərkibində 8 qram lif var. Bundan əlavə, o, zülalla zəngindir və makaron, düyü və tərəvəz yeməkləri ilə yaxşı uyğunlaşır.
Mütəxəssislər konservləşdirilmiş balqabaq püresinə də diqqət yetirməyi tövsiyə edirlər. Bir stəkanında təxminən 6 qram lif mövcuddur. Bu məhsul yalnız şirniyyatların hazırlanmasında deyil, həm də smuzi, şorba və souslarda istifadə oluna bilər.
Lif baxımından rekordçulardan biri isə qara lobyadır. Bir stəkan qara lobyanın tərkibində təxminən 15 qram lif var. Onu salatlar və tərəvəz burgerlərinin hazırlanmasında istifadə etmək məsləhət görülür.
Digər faydalı məhsul konservləşdirilmiş artişok özəkləridir. Bir stəkanında 7 qram lif var. Bu məhsul salatlar, makaronlar, pizzalar və müxtəlif qəlyanaltılar üçün uyğun hesab olunur.
Siyahını mərci tamamlayır. Növündən asılı olaraq, bir stəkan mərci təxminən 15,5 qram lif ehtiva edə bilər. Bundan əlavə, mərci bitki mənşəli zülalın qiymətli mənbəyi sayılır və şorba, eləcə də tərəvəz yeməklərinin hazırlanmasında geniş istifadə olunur.
Mütəxəssislər vurğulayırlar ki, liflə zəngin qidaların müntəzəm istehlakı bağırsaq sağlamlığını dəstəkləyir, çəkinin normallaşmasına kömək edir və bir sıra xroniki xəstəliklərin yaranma riskini azaldır.