Baş ağrısı bu halda insult riskini 73% artırır - Diqqət
Sağlamlıq
Amerikalı alimlər müəyyən ediblər ki, aura ilə müşayiət olunan miqren orta və yaşlı insanlarda işemik insult riskinin artması ilə əlaqəli ola bilər.
News24.az xəbər verir ki, tədqiqatın nəticələri “Neurology” jurnalında dərc olunub.
Araşdırma çərçivəsində tədqiqatın əvvəlində insult keçirməmiş 11 min 300 nəfərin sağlamlıq göstəriciləri təhlil edilib. İştirakçıların orta yaşı 72 olub.
Altı il davam edən müşahidələr zamanı miqren keçirməyən iştirakçıların 3%-ində, miqren yaşayanların 4%-ində, aura ilə müşayiət olunan miqreni olan şəxslərin isə 5%-ində insult qeydə alınıb.
Alimlər bildirirlər ki, aura ilə müşayiət olunan miqren baş ağrısından əvvəl və ya onunla eyni vaxtda ortaya çıxan keçici nevroloji simptomlarla xarakterizə olunur. Bu simptomlara işıq parıltıları, parıldayan xətlər, bulanıq ləkələr və ya bədəndə karıncalanma hissi daxildir.
Tədqiqatçılar yaş, qan şəkəri səviyyəsi və arterial təzyiq kimi risk faktorlarını nəzərə aldıqdan sonra müəyyən ediblər ki, aura ilə müşayiət olunan miqren insult riskinin 73% artması ilə əlaqəlidir. Aurasız miqrenlə isə belə bir əlaqə aşkarlanmayıb.