Beyin sağlamlığı üçün ən faydalı çərəzlər məlum oldu
Sağlamlıq
Günəbaxan tumu və qoz beynin fəaliyyətinə müsbət təsir göstərən, qida dəyəri yüksək olan məhsullar hesab edilir.
News24.az xəbər verir ki, bu barədə “Verywell Health” nəşrində dərc olunan məqalədə bildirilib.
Qeyd olunur ki, hər iki məhsulun tərkibində faydalı yağlar, xüsusilə omeqa-3 yağ turşuları, antioksidantlar, zülal, lif, vitamin və minerallar mövcuddur. Bu maddələr orqanizmin normal fəaliyyətini dəstəkləyir və beyin sağlamlığına müsbət təsir göstərir.
Bildirilir ki, həm günəbaxan tumu, həm də qoz beynin fəaliyyətini yaxşılaşdırsa da, onların təsir mexanizmi fərqlidir.
Məqaləyə əsasən, zülal beynin normal fəaliyyəti üçün vacibdir. O, neyromediatorların fəaliyyətini dəstəkləyən amin turşuları ilə orqanizmi təmin edir.
Omeqa-3 yağ turşularının isə beyin hüceyrələrinin formalaşmasına və yeni xatirələrin yadda qalmasına kömək edən sinapsların yaranmasına dəstək olduğu vurğulanır. Qozun digər çərəzlərlə müqayisədə daha çox alfa-linolen turşusu (ALA) ehtiva etdiyi qeyd edilir. Mütəxəssislər qozun müntəzəm istifadəsinin əhvalın yaxşılaşmasına və depressiyanın azalmasına kömək edə biləcəyini bildirirlər.
Günəbaxan tumunun isə E vitamini baxımından daha zəngin olduğu deyilir. 28 qramlıq porsiyanın gündəlik E vitamini ehtiyacının təxminən 50 faizini ödədiyi vurğulanır. Bu vitaminin beyni sərbəst radikalların zərərli təsirlərindən qoruyan antioksidantlarla zəngin olduğu qeyd edilir.
Maqneziumun da beyni iltihabi proseslərdən və degenerasiyadan qoruma potensialına malik olduğu bildirilir.
Mütəxəssislər günəbaxan tumu və qozu çiy və ya yağ əlavə edilmədən quru tavada qovrulmuş şəkildə istifadə etməyi tövsiyə edir. Həmçinin duzsuz və ya az duzlu məhsullara üstünlük verilməsi məsləhət görülür.
Qeyd olunur ki, hər iki məhsul yüksək kalorili olduğundan porsiya miqdarına diqqət yetirmək vacibdir.
Məqalədə əlavə edilir ki, günəbaxan tumu və qoz qəlyanaltı kimi yeyilə, salatlara, yoqurta, yulaf sıyığına əlavə oluna, həmçinin müxtəlif şirniyyat və çörək növlərinin hazırlanmasında istifadə edilə bilər.