Beynin qocalmasını yazı xətti ilə təyin etmək mümkündür?

Beynin qocalmasını yazı xətti ilə təyin etmək mümkündür? Sağlamlıq

Alimlər hesab edirlər ki, əl yazısındakı bəzi dəyişikliklər beyin fəaliyyətində baş verən koqnitiv zəifləmənin erkən əlamətlərindən biri ola bilər.

News24.az xəbər verir ki, araşdırmada Portuqaliyanın Evora Universitetinin 58 yaşlı iştirakçısı yer alıb. Onlardan 38-də müxtəlif dərəcəli koqnitiv pozuntular müəyyən edilib, 20 nəfərin isə beyin fəaliyyəti normal qiymətləndirilib.

İştirakçılara müxtəlif tapşırıqlar, o cümlədən diktə əsasında cümlələr yazmaq tapşırılıb. Məhz bu tapşırıq zamanı alimlər diqqət, qısamüddətli yaddaş, eşidilən məlumatın emalı, nitq və əl hərəkətlərinin koordinasiyasını eyni vaxtda qiymətləndirə biliblər.

Nəticələr göstərib ki, koqnitiv zəifləməsi olan şəxslər yazarkən hərəkətləri daha ləng yerinə yetirir, hərf və sözləri yazmaq üçün daha çox xırda hərəkətlər edir, onların əl yazısı isə daha az axıcı və koordinasiyalı görünür.

Tədqiqatın müəllifləri vurğulayıblar ki, təkcə əl yazısına əsasən koqnitiv pozuntu diaqnozu qoymaq mümkün deyil. Bunun üçün daha genişmiqyaslı araşdırmalara ehtiyac var. Həmçinin yaş artdıqca əl yazısının təbii olaraq dəyişə biləcəyi də qeyd olunur.

Mütəxəssislərin fikrincə, gələcəkdə bu cür tədqiqatlar beyin fəaliyyətindəki dəyişikliklərin daha erkən aşkar edilməsinə və insanların vaxtında tibbi yardım almasına kömək edə bilər. (Marie Claire)