Bu hallarda dodaq böyütmək təhlükəli ola bilər
Sağlamlıq
Dodaq böyütmə son illərin ən populyar estetik prosedurlarından biri olsa da, mütəxəssislər onunla bağlı vacib məqamlara diqqət yetirməyi tövsiyə edirlər.
News24.az xəbər verir ki, onların sözlərinə görə, hamiləlik, südvermə dövrü, aktiv herpes və dodaq nahiyəsində iltihab olduqda prosedur təxirə salınmalıdır. Qan laxtalanması pozğunluğu, kəskin infeksiyalar, ağır allergik reaksiyalar, nəzarətsiz diabet və bəzi autoimmun xəstəliklər zamanı isə dodaq böyütmək qadağandır.
Bildirilib ki, prosedurdan bir neçə gün əvvəl spirtli içkilərdən, qan durulaşdıran dərmanlardan, həmçinin intensiv idman məşqləri, sauna və solyari kimi fəaliyyətlərdən uzaq durmaq məsləhətdir.
Mütəxəssislər qeyd edirlər ki, prosedurdan sonra da müəyyən məhdudiyyətlərə əməl olunmalıdır. İlk günlərdə isti və acılı qidalardan, spirtli içkilərdən, siqaretdən, intensiv fiziki fəaliyyətdən və dodaqlara toxunmaqdan çəkinmək tövsiyə edilir. Həmçinin bir müddət sauna, hamam, solyari və stomatoloji müdaxilələrdən uzaq qalmaq məsləhət görülür.
Ekspertlər vurğulayırlar ki, prosedurun uğurlu nəticəsi yalnız istifadə olunan preparatdan deyil, həm də həkimin peşəkarlığından və pasiyentin tövsiyələrə əməl etməsindən asılıdır. Buna görə də klinika və mütəxəssis seçərkən ehtiyatlı olmaq vacibdir.