Bu məşğuliyyətlər yaşlıların beynini gənc saxlayır
Sağlamlıq
Alimlər beynin fəaliyyətini yaxşılaşdıran və ömrü uzatmağa kömək edən hobbilərin siyahısını açıqlayıblar.
News24.az xəbər verir ki, "Martha Stewart" nəşrinin yazdığına görə, 2023-cü ildə 700 min amerikalı təqaüdçü arasında aparılan araşdırma göstərib ki, fiziki aktivlik, sağlam qidalanma, siqaretdən imtina, keyfiyyətli yuxu və aktiv sosial həyat insan ömrünü hətta orta yaşdan sonra da uzada bilər.
Mütəxəssislər bildirirlər ki, gündəlik gəzinti beynin həcmini artırır və neyroplastikliyi gücləndirir. Araşdırmalara əsasən, gündə təxminən 4 min addım belə uzunömürlülük üçün faydalıdır.
Yeni dil öyrənmək də beyni qoruyan məşğuliyyətlər sırasındadır. Alimlər hesab edirlər ki, ömür boyu yeni biliklər əldə etmək yaddaşı gücləndirir və beyin qocalmasını ləngidir.
Bundan başqa, fotoqrafiya, tikiş, rəqs, videooyunlar, meditasiya, yoqa və gündəlik yazmaq kimi fəaliyyətlər də yaddaşı, diqqəti və məlumat emalı sürətini yaxşılaşdırır.
Tədqiqat müəllifləri vurğulayırlar ki, ən yaxşı nəticə yalnız bir vərdişdən deyil, fiziki aktivlik, sağlam qidalanma, zehni məşqlər və sosial ünsiyyətin birlikdə tətbiqindən əldə olunur.