Bu ölkədə dəhşətli virus yayıldı - 65 ölü
Sağlamlıq
İctimai səhiyyə sahəsində fəaliyyət göstərən aparıcı Afrika qurumu Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində Ebola virusunun yenidən yayılmasını qeydə alıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, bölgədə təxminən 246 yoluxma və 65 ölüm halı qeydə alınıb.
Bildirilib ki, ölüm hallarından dördü laboratoriya müayinələri ilə təsdiqlənib. Əlavə ehtimal olunan yoluxma halları əyalətin inzibati mərkəzi olan Buniya şəhərində də aşkarlanıb, lakin onların laborator təsdiqi hələ gözlənilir.
Yoluxmalar əsasən qızıl mədənləri ilə tanınan Monqvalu və Rvampra şəhərlərində qeydə alınıb.
Qurum qeyd edib ki, vəziyyətə qarşı tədbirlərin gücləndirilməsi və sərhədlərarası epidemioloji nəzarətin artırılması məqsədilə Konqo Demokratik Respublikası, Uqanda, Cənubi Sudan və beynəlxalq tərəfdaşlarla birgə fəaliyyət həyata keçirilir.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə indiki Konqo Demokratik Respublikası ərazisində aşkarlanıb və onun yarasalardan yayıldığı ehtimal olunur. Hazırkı yayılma ölkədə qeydə alınan 17-ci Ebola epidemiyası hesab edilir.
Virus insan orqanizminin bioloji mayeləri ilə birbaşa təmas nəticəsində yayılır və ağır qanaxma, həmçinin orqan çatışmazlığına səbəb ola bilər. Xəstəliyin ilkin simptomları arasında qızdırma, halsızlıq, əzələ ağrıları, baş ağrısı və boğaz ağrısı yer alır. Hazırda Ebola xəstəliyinə qarşı spesifik müalicə vasitəsi mövcud deyil.