Çayı belə içirsinizsə, diqqətli olun: Xərçəng riskini 3 dəfə artırır
Sağlamlıq
Oksford Universitetinin apardığı genişmiqyaslı araşdırma qaynar çay və qəhvə içməyin sağlamlıq üçün ciddi risk yarada biləcəyini ortaya çıxarıb.
News24.az xəbər verir ki, araşdırmada təxminən 980 min insan orta hesabla 14 il ərzində izlənilib.
Nəticələrə görə, 65 dərəcə selsi və daha yüksək temperaturda çay və ya qəhvə içən insanlarda qida borusunun yastı hüceyrəli karsinoması (qida borusu xərçəngi) riski ilıq içki qəbul edənlərlə müqayisədə təxminən 3 dəfə çoxdur.
Mütəxəssislər vurğulayırlar ki, riskin artması içkinin çay və ya qəhvə olmasından deyil, mayenin yüksək temperaturundan qaynaqlanır.
Araşdırmada içkinin temperaturu ilə yanaşı, gün ərzində qəbul edilən miqdar da nəzərə alınıb.
İsti içki içən, lakin miqdarı məhdud saxlayan insanlarda risk artımı 1,7 dəfə olub.
Gündə 6 stəkandan çox isti içki qəbul edənlərdə isə riskin 71 faizə qədər yüksəldiyi müəyyən edilib.
Ümumdünya Səhiyyə Təşkilatının nəzdində fəaliyyət göstərən Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi də 2016-cı ildə 65 dərəcədən yuxarı isti içkiləri insanlar üçün mümkün kanserogen kimi təsnif edib.
Mütəxəssislər isti çay və qəhvəni içməzdən əvvəl bir müddət soyutmağı tövsiyə edirlər.