COVID-dən sonra gözlərdə bu əlamətlər varsa, diqqətli olun
Sağlamlıq
Yüngül formada COVID-19 keçirən milyonlarla insanda adi oftalmoloji müayinələr zamanı aşkarlanmayan göz siniri zədələnməsi yarana bilər.
News24.az xəbər verir ki, bu barədə “The Tech Times” İsveç alimlərinin “Nature Communications” jurnalında dərc olunan araşdırmasına istinadən məlumat yayıb.
Linçepinq Universitetinin tədqiqatçıları bu vəziyyəti “post-COVID göz sindromu” adlandırırlar. Onların fikrincə, sindrom T-hüceyrələrinin yaratdığı xroniki neyroiltihabla əlaqəlidir.
Araşdırmada yüngül COVID-19 keçirmiş, lakin uzun müddət görmə problemlərindən şikayət edən 100 nəfər və analoji şikayətləri olmayan 32 nəfər iştirak edib. İştirakçıların əksəriyyətində simptomlar bir ildən, təxminən üçdə birində isə iki ildən artıq davam edib.
Maraqlıdır ki, standart oftalmoloji müayinələr zamanı heç bir patologiya aşkar edilməyib, lakin xüsusi diaqnostik üsullarla buynuz qişadakı sinir liflərinin sıxlığının azaldığı və göz bəbəyinin işığa reaksiyasında pozğunluqlar olduğu müəyyən edilib.
Alimlərin sözlərinə görə, bu dəyişikliklər işığa həssaslıq, kompüter qarşısında işləyərkən görmənin bulanıqlaşması, diqqəti cəmləməkdə çətinlik və göz arxasında ağrı kimi şikayətləri izah edə bilər.
Bundan başqa, göz yaşının tərkibində 178 zülalda dəyişiklik aşkar olunub. Tədqiqatçılar hesab edirlər ki, bu, yüngül COVID-19 keçirmiş insanlarda belə immun sisteminin uzunmüddətli pozğunluqlarına işarə edə bilər.
Mütəxəssislər bildirirlər ki, hazırda bu sindromun effektiv müalicəsi yoxdur və xroniki neyroiltihabı hədəfləyən yeni müalicə üsullarının hazırlanması üçün əlavə araşdırmalara ehtiyac var.