Dəhşətli virus sürətlə yayılır: Yoluxanların 70 faizi ölür
Sağlamlıq
Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Belə ki, İran hakimiyyəti Xuzistan əyalətində hantavirus yoluxmasının aşkarlanmasından sonra sərhəd keçidlərində nəzarət tədbirlərini sərtləşdirib.
Məlumata görə, aidiyyəti qurumlar xüsusilə yoluxma riskinin qarşısını almaq üçün monitorinq və tibbi yoxlamaları artırıb. Rəsmilər tibb işçilərinin tam hazırlıqlı olduğunu bildirsələr də, əhaliyə ehtiyatlı olmaqla bağlı çağırış ediblər.
Məsələ ilə bağlı News24.az-a danışan tanınmış cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda dünyada narahatlıq yaradan əsas məqam virusun insandan insana keçmə ehtimalının mövcud olmasıdır:
"Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı məsələ ilə bağlı həyəcan siqnalı verir və ölkələri diqqətli olmağa çağırır. Hazırda yayılan hantavirusun pandemiyaya çevrilmə potensialı yüksək hesab olunmur. Lakin virusun müəyyən hallarda insandan insana keçməsi onun təhlükəli variant kimi qiymətləndirilməsinə səbəb olur. Bu isə ciddi siqnaldır. Hazırkı mərhələdə qlobal pandemiya təhlükəsi görünmür. Lokal epidemik ocaqlar yarana bilər və zamanla sönə bilər. Amma virusun mutasiya etməsi və yoluxma yollarının dəyişməsi ehtimalı həmişə nəzərə alınmalıdır”.
Adil Qeybulla vurğulayıb ki, hantavirus əsasən “maral siçanları” adlandırılan gəmiricilərdə müşahidə olunur. Xüsusilə Amerikada geniş yayılan bu siçanlar virusun təbii rezervuarı hesab edilir:
"Virus onların seliyi, sidiyi və digər ifrazatları vasitəsilə ətrafa yayılır. Quruyan ifrazatların toz halında havaya qalxması nəticəsində virus nəfəs yolları ilə insan orqanizminə daxil ola bilir".
Professorun sözlərinə görə, virusun müxtəlif ölkələrdə yayılmağa davam etməsi ilə bağlı ehtimallar da mövcuddur:
"Gəmilər, yüklər və daşınan əşyalar vasitəsilə gəmiricilər bir limandan digərinə keçə bilir. Bu baxımdan virusun yeni ərazilərə daşınması mümkündür. Əgər yoluxmuş şəxs başqa insanlarla sıx təmasda olarsa, müəyyən təhlükə yarana bilər. Hazırda yoluxma üçün daha çox yaxın və sıx təmas tələb olunur. Lakin gələcəkdə virusun hava-damcı yolu ilə yayılma xüsusiyyəti qazanması vəziyyəti daha təhlükəli edə bilər. Əgər nə vaxtsa virusun yoluxma mexanizmi dəyişərsə və hava-damcı yolu ilə yayılmağa başlayarsa, bu artıq ciddi qlobal təhlükə yarada bilər. Hazırda əsas diqqət virusun davranışını izləməyə yönəlib”.
Professorun fikrincə, hantavirus müxtəlif ağır kliniki formalarda özünü göstərə bilər. O, bildirib ki, ölüm halları bəzi ştamlarda 38 faizdən başlayaraq 70 faizdən yuxarı göstəricilərə qədər yüksələ bilir. Buna görə də məsələyə ciddi yanaşmaq vacibdir.