Dərmanların vaxtından əvvəl xarab olduğunu belə müəyyən edin
Sağlamlıq
Dərmanlar düzgün şəraitdə saxlanılmadıqda son istifadə tarixi bitməmiş belə yararsız hala düşə bilər. Onların rəngində, formasında, teksturasında və qoxusunda baş verən dəyişikliklər keyfiyyətin pozulduğuna işarə edə bilər.
News24.az xəbər verir ki, Gazeta.Ru-nun məlumatına görə, bu barədə “Stoliçki” aptek şəbəkəsinin əczaçısı Nadejda Varakina xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, tabletlər parçalanır, çatlayır və ya rəngini dəyişirsə, onlardan istifadə edilməməlidir. Kapsulların bir-birinə yapışması və formasının deformasiyaya uğraması da dərmanın yararsız hala düşdüyünü göstərə bilər.
Əczaçı bildirib ki, məlhəmlərin tərkibi təbəqələrə ayrılmamalı və xoşagəlməz qoxusu olmamalıdır. Eyni zamanda, dərman məhlullarının bulanması və ya dibində çöküntünün yaranması da diqqət yetirilməli əlamətlərdəndir.
Nadejda Varakina vurğulayıb ki, qablaşdırmada göstərilən son istifadə tarixi yalnız dərman təlimatında qeyd olunan saxlama qaydalarına əməl edildiyi halda etibarlıdır. Məsələn, dərmanların vanna otağında, mətbəxdə sobanın yaxınlığında və ya birbaşa günəş işığı düşən pəncərə önündə saxlanılması onların vaxtından əvvəl keyfiyyətini itirməsinə səbəb ola bilər.
Bundan başqa, dərman qablaşdırması açıldıqdan sonra da istifadə müddətinə diqqət yetirmək vacibdir. Damcılar, şərbətlər, eləcə də flakonlarda saxlanılan bəzi tablet və kapsulların açıldıqdan sonrakı istifadə müddəti üzərində göstərilən ümumi son istifadə tarixindən xeyli qısa ola bilər.