Diabet xəstələrinə şad xəbər - İnsulin iynələri tarixə qovuşur
Sağlamlıq
İsveçrənin Cenevrə Universitetinin alimləri 1-ci tip diabet xəstələrini davamlı insulin iynələrindən xilas edə biləcək “canlı implant” texnologiyasının hazırlanmasına bir addım daha yaxınlaşıblar.
News24.az xəbər verir ki, tədqiqatçılar “Amniogel” adlı xüsusi hidrogel hazırlayıblar. Bu material mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrinin transplantasiyadan sonra yaşamasına və qanda şəkərin səviyyəsini tənzimləməsinə dəstək verir.
Siçanlar üzərində aparılan təcrübələr zamanı implantların ən azı 100 gün ərzində qlükoza səviyyəsini normal saxlaya bildiyi müəyyən olunub. Alimlərin sözlərinə görə, əldə olunan nəticələr ənənəvi hüceyrə transplantasiyası üsulları ilə müqayisədə daha uğurludur.
Hidrogel doğuşdan sonra əldə edilən plasentanın amniotik qişası əsasında hazırlanıb. Bildirilir ki, bu material hüceyrələri həm qidalandırır, həm də onları immun sisteminin hücumlarından qismən qoruyur.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu texnologiya bio-mühəndislik əsasında süni mədəaltı vəzinin yaradılmasında, eləcə də digər hüceyrə terapiyalarında tətbiq oluna bilər. /TBbio/