Dünyanın ən faydalı giləmeyvəsi seçildi
Sağlamlıq
Giləmeyvələr vitamin, lif və antioksidantlarla zəngin olduqları üçün sağlam qidalanmanın vacib hissəsi hesab olunur. Mütəxəssislər qida dəyərinə görə ən faydalı giləmeyvələrin siyahısını açıqlayıblar.
News24.az xəbər verir ki, CWFD internet portalının araşdırmasına görə, böyürtkən yaddaş və beyin fəaliyyətini dəstəkləyən antioksidantlarla zəngindir. O, həmçinin sümüklərin möhkəmlənməsinə və qanın normal laxtalanmasına kömək edən K vitamini ehtiva edir.
Çiyələk yüksək C vitamini tərkibi ilə seçilir. Mütəxəssislər bildirirlər ki, bu giləmeyvə immuniteti gücləndirməklə yanaşı, görməni qorumağa və gözlərdə yaşa bağlı dəyişikliklərin riskini azaltmağa kömək edir.
Moruq lif baxımından ən zəngin giləmeyvələrdən biridir. Onun müntəzəm istehlakı həzmi yaxşılaşdırır və uzunmüddətli toxluq hissi yaradır.
Mütəxəssislərin fikrincə, ən faydalı giləmeyvələrdən biri də qaragilədir. Tərkibindəki antosianlar hüceyrələri oksidləşdirici stressdən qoruyur, yaddaşı yaxşılaşdırmağa, qan təzyiqini və qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.
Bununla yanaşı, göyəm, qara qarağat və quşüzümü də immunitetin, damarların və sidik-ifrazat sisteminin sağlamlığı üçün faydalı hesab olunur.
Mütəxəssislər vurğulayırlar ki, sağlamlıq üçün ən yaxşı seçim yalnız bir giləmeyvəyə üstünlük vermək deyil, mövsümə uyğun olaraq müxtəlif növləri qidalanma rasionuna daxil etməkdir.