Dəridəki qırmızı nöqtələr təhlükəlidirmi? – Dermatoloqdan AÇIQLAMA
Sağlamlıq
Dəridə yaranan və xalq arasında “qırmızı xal” adlandırılan xırda qırmızı nöqtələr əksər hallarda giləmeyvəvari angiomalar olur. Dermatoloq Alena Zazulinskayanın sözlərinə görə, bunlar kiçik qan damarlarının lokal genişlənməsi nəticəsində yaranan xoşxassəli törəmələrdir.
News24.az xəbər verir ki, mütəxəssis angiomanın yaranmasının dəqiq səbəbinin məlum olmadığını, lakin yaşlanma, irsiyyət, hormonal dəyişikliklər, uzunmüddətli günəş şüalanması və xırda travmaların buna təsir göstərə biləcəyini bildirib.
Adətən kiçik ölçülü, eyni rəngdə olan, böyüməyən, ağrı və qaşınma yaratmayan, səbəbsiz qanamayan angiomalara görə narahat olmağa ehtiyac yoxdur. Həmçinin bu törəmələr xərçəngönü vəziyyət hesab edilmir və dəri xərçənginə çevrilmir.
Lakin angioma sürətlə böyüyürsə, rəngi və forması qəfil dəyişirsə, tez-tez qanayırsa, ətrafında iltihab yaranırsa, ağrı və ya yara əmələ gəlirsə, dermatoloqa müraciət etmək lazımdır. Qısa müddət ərzində dəridə onlarla, hətta yüzlərlə yeni qırmızı nöqtənin yaranması da həkim müayinəsi tələb edir.
Angioma estetik baxımdan narahatlıq yaradırsa və ya geyim, zinət əşyaları və təraş zamanı tez-tez zədələnirsə, klinik şəraitdə lazer, elektrokoaqulyasiya və ya radiodalğa üsulu ilə, bəzi hallarda isə cərrahi yolla götürülə bilər.
Mütəxəssis angiomanı ev şəraitində sapla bağlamağı, turşularla yandırmağı və ya xalq üsullarından istifadə etməyi qətiyyən tövsiyə etmir. Bu, qanaxma, infeksiya və çapıq yaranmasına, həmçinin sonrakı diaqnostikanın çətinləşməsinə səbəb ola bilər.
Əgər angioma təsadüfən zədələnərsə və qanayarsa, həmin nahiyəni təmiz salfetlə 10-15 dəqiqə sıxmaq lazımdır. Qanaxma dayanmadıqda və ya təkrarlanarsa, həkimə müraciət edilməlidir.