Gecə tez-tez oyanırsınız? – Səbəbi bu ola bilər
Sağlamlıq
Yaş artdıqca yuxusuzluq, gecə tez-tez oyanmaq və daimi yorğunluq bir çox insan tərəfindən təbii hal kimi qəbul edilir. Lakin mütəxəssislər bildirirlər ki, keyfiyyətsiz yuxu qocalmanın normal nəticəsi hesab olunmamalıdır.
News24.az xəbər verir ki, bu barədə “Egeszsegkalauz” nəşri məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, yaşlandıqca yuxunun ən vacib mərhələsi sayılan dərin yuxunun müddəti azalır. Bu isə yaddaşın zəifləməsi, diqqət problemləri və gündüz yorğunluğu ilə nəticələnə bilər.
Araşdırmalara əsasən, yaşlı insanlarda gecə ərzində oyanmaların sayı da artır. Buna xroniki xəstəliklər, ağrılar, qəbul edilən dərmanlar və digər amillər təsir göstərə bilər. Nəticədə insan yataqda keçirdiyi vaxtın əhəmiyyətli hissəsində əslində yatmır.
Bundan əlavə, yaş artdıqca orqanizmin bioloji saatı dəyişir və yuxu hormonu olan melatoninin ifrazı daha erkən başlayır. Bu səbəbdən insanlar axşam tez yuxulasa da, səhər çox erkən oyanırlar.
Alimlər vurğulayırlar ki, uzunmüddətli yuxu pozuntuları ürək-damar xəstəlikləri, yüksək təzyiq, diabet, depressiya və yaddaş problemləri riskini artıra bilər. Xüsusilə dərin yuxunun azalması bəzi neyrodegenerativ xəstəliklərlə, o cümlədən Alzheimer riski ilə əlaqələndirilir.
Mütəxəssislər qeyd edirlər ki, yaşlı insanların gənclərdən daha az yuxuya ehtiyacı yoxdur. Əsas problem keyfiyyətli və bərpaedici yuxu almağın çətinləşməsidir. Buna görə də daimi yorğunluq və gecə yuxu problemləri yalnız yaşla izah edilməməlidir.